Sinqapurda doğum səviyyəsi rekord dərəcədə aşağı düşüb. Məlumata görə, hökumət bu tendensiyanı nəzərə alaraq ailələrə hər uşaq üçün təxminən 55 min ABŞ dolları məbləğində maliyyə dəstəyi təklif edib. Bununla yanaşı, digər sosial mexanizmlər və mənzil dəstəyi də genişləndirilib.
Ölkənin Baş naziri Lourens Vonq etiraf edib ki, yalnız maliyyə təşviqləri doğum səviyyəsindəki azalmanı geri çevirmək üçün kifayət etməyəcək. Bu səbəbdən Sinqapur əhalinin və işçi qüvvəsinin azalmasını yavaşlatmaq məqsədilə daha güclü ailə dəstəyi siyasəti ilə yanaşı, immiqrasiyanı da davam etdirməyi planlaşdırır. Ekspertlərin fikrincə, ölkə əhalisinin 21 faizdən çoxunun 65 və daha yuxarı yaşda olması Sinqapuru gələcəkdə “super qocalmış” cəmiyyətə çevirə bilər.
Azərbaycanda da son illərdə açıqlanan demoqrafik statistika doğum sayında azalma tendensiyasının olduğunu göstərir. Ailələrin daha çox bir uşaqla kifayətlənməsi, eləcə də doğum səviyyəsinin aşağı düşməsi ölkədə demoqrafik vəziyyətlə bağlı narahatlıqları artırır.
Millət vəkili Razi Nurullayev Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Sinqapur təcrübəsinə yalnız “uşaq üçün pul verək, doğum artsın” prizmasından baxmaq düzgün deyil.

Deputatın sözlərinə görə, Sinqapurun yeni yanaşmasının maraqlı tərəfi məhz budur:
“Dövlət ailənin qarşısına çıxan mənzil, gəlir, uşaq baxımı, təhsil və işlə ailə həyatının uzlaşdırılması kimi problemləri birlikdə nəzərə alır. Sinqapurda doğum əmsalı 2025-ci ildə 0,87-yə düşüb və hökumət bunu artıq ciddi demoqrafik problem kimi qiymətləndirir. Məncə, Azərbaycanda da bu məsələni ciddi şəkildə müzakirə etməyin vaxtıdır. Çünki söhbət təkcə bu günün statistikasından getmir, ölkənin 20-30 il sonrakı demoqrafik və iqtisadi vəziyyətindən gedir. Sinqapurun son addımı bu baxımdan maraqlı nümunədir. Orada doğum səviyyəsi artıq çox aşağı həddə düşüb. Hökumət açıq şəkildə bildirir ki, bunun qarşısını almaq üçün ailələrə daha kompleks dəstək lazımdır. Amma məncə, Sinqapurdan götürüləsi əsas dərs “hər uşağa nə qədər pul verilir” deyil. Əsas məsələ dövlətin gənc ailənin qarşısında duran bütün problemlərə birlikdə baxmasıdır. Çünki gənc ailə uşaq sahibi olmaq barədə düşünəndə yalnız doğuş zamanı alacağı pulu hesablamır. Ev məsələsini, işini, ailənin aylıq gəlirini, uşağın bağça və məktəb xərclərini, səhiyyəsini, gələcəyini düşünür”.
Parlament üzvü vurğulayıb ki, Azərbaycanda gənc ailələr üçün ayrıca və sistemli dəstək mexanizmi hazırlanmalıdır:
“Məsələn, ikinci və üçüncü uşağın doğulmasına görə əlavə sosial ödənişlər, güzəştli mənzil və ipoteka imkanlarının genişləndirilməsi, dövlət və özəl bağçaların əlçatanlığının artırılması, işləyən valideynlər üçün daha çevik iş imkanları və müəyyən vergi-sosial güzəştlər nəzərdən keçirilə bilər. Xüsusilə ikinci və üçüncü uşağa dəstəyin daha yüksək olması məsələsini də müzakirə etmək olar. Çünki demoqrafik baxımdan əsas məsələ təkcə ilk uşağın dünyaya gəlməsi deyil. Ailənin ikinci, üçüncü uşağa qərar verməsi üçün qarşısındakı iqtisadi və sosial maneələri azaltmaq lazımdır. Amma bir məsələyə xüsusi diqqət çəkərdim: biz bunu yalnız pul məsələsinə çevirməməliyik. Bir ailəyə birdəfəlik böyük məbləğ verməklə onun uzunmüddətli problemlərini həll etmək mümkün deyil. Əgər ailənin mənzil problemi varsa, gəliri qeyri-sabitdirsə, uşaq bağçası tapmaq çətindirsə və ana uşağa görə işini itirmək təhlükəsi ilə üzləşirsə, təkcə doğuş müavinəti kifayət etməyəcək. Ona görə daha çox “ailəyə uşağın doğulduğu gündən yetkinlik yaşına qədər dövlət dəstəyi” modelini məqsədəuyğun hesab edirəm. Bu, həm maliyyə yardımı, həm səhiyyə, həm təhsil, həm mənzil, həm də məşğulluq imkanlarını əhatə edə bilər”.
R.Nurullayevin sözlərinə görə, Azərbaycanda bunun üçün əvvəlcə çox ciddi demoqrafik araşdırma aparılmalıdır:
“İnsanlar niyə bir uşaqla kifayətlənirlər? İkinci uşağın qarşısında əsas maneə nədir - mənzil, gəlir, iş, bağça, təhsil, yoxsa başqa amillər? Dövlət Statistika Komitəsinin demoqrafik məlumatlarında doğum, doğum sırası, anaların yaş qrupları, ümumi və yaşa görə doğum göstəriciləri kimi məlumatlar artıq bildiyimə görə toplanır. Məncə, Azərbaycanda hələ vaxt var. Biz Sinqapur kimi doğum əmsalının 0,87-yə düşdüyü mərhələdə deyilik. Amma mənfi tendensiya yaranandan sonra tədbir görməkdənsə, indidən qabaqlayıcı siyasət aparmaq daha doğrudur”.
Parlamentarinin fikrincə, Azərbaycanda “Gənc ailə və demoqrafik inkişaf” kimi uzunmüddətli dövlət proqramının hazırlanması müzakirəyə çıxarıla bilər:
“Amma bu proqram sadəcə pul paylamaq üzərində deyil, ailələrin real həyatını asanlaşdırmaq üzərində qurulmalıdır. Çünki məsələ nə qədər sadə görünsə də, onun kökündə çox həyati bir sual dayanır: gənc ailə öz gələcəyinə nə qədər güvənir? Əgər insan sabahına, evinə, işinə və övladının gələcəyinə güvənirsə, ailə qurmaq və daha çox uşaq sahibi olmaq qərarını verməsi də asanlaşır”.
Aydın Baxış




