Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri Azərbaycanla Özbəkistan arasındakı münasibətlərin ənənəvi dostluq çərçivəsini aşaraq yeni strateji mərhələyə qədəm qoyduğunu göstərdi.
Azərbaycan və Özbəkistanı ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər birləşdirsə də, bu gün iki ölkə arasındakı əməkdaşlığın əsas gücü sözügedən yaxınlığın konkret layihələrlə tamamlanmasıdır. Daşkənddə keçirilən Azərbaycan–Özbəkistan Ali Dövlətlərarası Şurasının üçüncü iclası da tərəflərin münasibətləri sistemli və davamlı şəkildə inkişaf etdirmək niyyətini ortaya qoydu. Dövlət başçılarının qarşılıqlı olaraq ali ordenlərlə təltif edilməsi isə iki ölkə arasındakı yüksək siyasi etimadın rəmzi ifadəsi oldu.
Səfər zamanı Prezident İlham Əliyevin Özbəkistanın sürətli inkişafına xüsusi diqqət çəkməsi də təsadüfi deyildi. Son illərdə bu ölkədə sənaye, kənd təsərrüfatı, energetika, nəqliyyat infrastrukturu və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində ciddi dəyişikliklər baş verib. Azərbaycan üçün iqtisadi cəhətdən güclənən və beynəlxalq mövqelərini möhkəmləndirən Özbəkistan Mərkəzi Asiyada mühüm tərəfdaşlardan biridir. Eyni zamanda, Prezident Şavkat Mirziyoyevin həyata keçirdiyi islahatlar Azərbaycan şirkətlərinin Özbəkistan bazarında fəaliyyət göstərməsi üçün yeni imkanlar yaradır.
İqtisadi əməkdaşlıq
İqtisadi əməkdaşlıq səfərin əsas istiqamətlərindən biri olub. Hazırda tərəflər enerji, nəqliyyat, avtomobil sənayesi, dağ-mədən, kənd təsərrüfatı, turizm, bankçılıq və emal sahələrində birgə layihələr həyata keçirirlər. SOCAR-ın Özbəkistanın pərakəndə enerji bazarına daxil olması, Azərbaycan bankının bu ölkədə fəaliyyətə başlaması və neft-qaz kəşfiyyatı ilə bağlı planlar münasibətlərin real iqtisadi məzmun qazandığını göstərir. Bir milyard dollarlıq ticarət dövriyyəsinə nail olmaq hədəfi də artıq uzaq perspektiv deyil, tərəflərin qarşıdakı illərdə reallaşdırmağa çalışdığı konkret məqsəddir.
Qarşılıqlı investisiyalar
Azərbaycanla Özbəkistan arasındakı əməkdaşlığın mühüm istiqamətlərindən biri də qarşılıqlı investisiyalardır. Birgə investisiya fondunun yaradılması və onun vəsaitlərinin konkret layihələrə yönəldilməsi iqtisadi əlaqələrin daha dayanıqlı əsaslar üzərində qurulmasına imkan verir. Bu layihələrin yalnız Bakı və Daşkəndlə məhdudlaşmaması, ayrı-ayrı regionları da əhatə etməsi xüsusilə əhəmiyyətlidir. Regionlararası əməkdaşlıq yerli sahibkarlar arasında birbaşa əlaqələrin yaranmasına, yeni iş yerlərinin açılmasına və ticarət dövriyyəsinin genişlənməsinə şərait yarada bilər.
Özbəkistanın Qarabağın bərpasında iştirakı isə iki ölkə arasındakı münasibətlərin mənəvi tərəfini daha aydın göstərir. Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin tikilməsi və Xankəndidə tikiş fabrikinə sərmayə qoyulması qardaşlığın yalnız bəyanatlarda qalmadığını göstərir. Özbəkistan azad edilmiş ərazilərin yenidən qurulmasına real töhfə verən ilk ölkələrdən biri olub. Bu addımlar Azərbaycan cəmiyyətində yüksək qiymətləndirilir və iki xalq arasındakı tarixi yaxınlığı daha da möhkəmləndirir.
Səfərin dgeosiyasi əhəmiyyəti
Səfərin daha geniş geosiyasi əhəmiyyəti isə Azərbaycanla Mərkəzi Asiya arasında formalaşan yeni əməkdaşlıq məkanında özünü göstərir. Azərbaycan və Mərkəzi Asiya ölkələri nəqliyyat marşrutları, enerji layihələri və Orta Dəhliz vasitəsilə getdikcə daha sıx şəkildə bir-birinə bağlanır. Bu prosesdə Azərbaycanla Özbəkistan arasındakı münasibətlər mühüm hərəkətverici qüvvələrdən birinə çevrilə bilər.
Prezident İlham Əliyevin səfəri göstərdi ki, Bakı və Daşkənd yalnız ikitərəfli əlaqələri genişləndirmir, eyni zamanda, Xəzər dənizindən Mərkəzi Asiyayadək uzanan vahid geosiyasi və geoiqtisadi məkanın formalaşmasına birlikdə töhfə verirlər.
Alim Nəsirov




