• Bakı 26° C

    12.66 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.0293

Özbək politoloq:"Azərbaycanla strateji yaxınlaşma..."

SİYASƏT

25 Avqust 2026 | 14:10

Özbək politoloq: "Azərbaycanla strateji yaxınlaşma..."

“Azərbaycan və Özbəkistan arasında uzunmüddətli strateji yaxınlaşma prosesi gedir”.

“Fikrat” təhlili proqramının eksperti, özbək politoloq Hamid Sodiq bunu Azərbaycan–Özbəkistan münasibətlərinin perspektivlərini Bakıvaxtı.az-a şərh edərkən deyib.

Onun sözlərinə görə, son illərdə Azərbaycan və Özbəkistan arasında münasibətlər mədəniyyət, iqtisadiyyat, logistika, istehsal və müdafiə daxil olmaqla müxtəlif istiqamətlərdə yeni mərhələyə yüksəlib.

"İki ölkə arasında əməkdaşlığın inkişafını yalnız statistik göstəricilər və imzalanan sənədlərlə izah etmək kifayət deyil. Bu münasibətlərin arxasında daha dərin siyasi və geosiyasi məqamlar dayanır. Azərbaycan və Özbəkistan yeni formalaşan dünya nizamında müəyyən mənada eyni istiqamətə doğru hərəkət etmək ehtiyacını hiss edirlər”.

Politoloq Azərbaycanın müharibədən keçməsinin onun xarici siyasət baxımından mühüm təcrübə qazanmasına səbəb olduğunu vurğulayıb.

“Azərbaycan dostlarını və rəqiblərini müəyyənləşdirmək, kimə nə dərəcədə etibar etməyin mümkün olduğunu anlamaq baxımından ciddi təcrübə əldə edib. Avropa ilə münasibətlərdə ən kritik məqamda tərəflərin necə davrandığı, verilən vədlərin və imzalanan müqavilələrin nə dərəcədə əhəmiyyət daşıdığı kimi məsələlər Azərbaycan üçün praktiki təcrübəyə çevrilib”, – deyə o qeyd edib.

Hamid Sodiqin fikrincə, Rusiya ilə münasibətlərdə də Azərbaycan müəyyən siyasi təcrübə formalaşdırıb. O bildirib ki, Moskva ilə münasibətlərdə hansı məqamda qətiyyət nümayiş etdirmək, hansı məqamda diplomatik vasitələrdən istifadə etmək məsələsində Azərbaycanın təcrübəsi Mərkəzi Asiya dövlətləri üçün də maraqlı ola bilər.

Ekspert Azərbaycanla Mərkəzi Asiya arasında mənəvi və tarixi bağların gücləndirilməsinin Bakı üçün strateji əhəmiyyət daşıdığını da vurğulayıb:

“Azərbaycanın Türkiyə və Mərkəzi Asiya dövlətləri ilə mənəvi və tarixi bağlarını gücləndirməsi onun uzunmüddətli strategiyası baxımından vacibdir. Azərbaycan üçün Mərkəzi Asiyanın dəstəyi və bu regionla əlaqələrin möhkəmləndirilməsi böyük əhəmiyyət daşıyır”.

O, Azərbaycan–Özbəkistan münasibətlərinin inkişafında liderlər arasında formalaşan qarşılıqlı anlaşmanın da mühüm rol oynadığını bildirib.

Hamid Sodiq qeyd edib ki, SSRİ-nin dağılmasından sonra Azərbaycan və Özbəkistanda Ulu Öndər Heydər Əliyev və İslam Kərimov kimi birinci nəsil liderlər dövlətçilik institutlarının formalaşdırılmasına və milli dövlətlərin möhkəmləndirilməsinə diqqət yetiriblər. Onun sözlərinə görə, həmin dövrdə region dövlətləri arasında müəyyən rəqabət mühiti də mövcud idi.

“Bu gün isə Azərbaycan və Özbəkistanın yeni nəsil liderləri arasında daha çox əməkdaşlıq və qarşılıqlı anlaşma mühiti görünür. Gələcəkdə bu proseslərin daha dərin inteqrasiya mühitinə çevrilməsi mümkündür”, – deyə politoloq əlavə edib.

Hamid Sodiqin qənaətinə görə, Azərbaycan və Özbəkistan rəhbərlikləri qlobal böhran və dünyada formalaşan yeni nizamla bağlı bir sıra ortaq baxışlara malikdir.

“İki lider arasında ümumi anlaşma mühiti var. Hər iki tərəf qlobal böhranı və yeni dünya nizamının formalaşmasını hiss edir. Bu baxımdan Azərbaycan və Özbəkistan arasında uzunmüddətli strateji yaxınlaşma prosesinin getdiyini demək mümkündür”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 23-24 avqust 2026-cı il tarixlərində Özbəkistan Respublikasına dövlət səfəri edib. Səfər Azərbaycan-Özbəkistan əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsində daha da möhkəmləndirilməsi, siyasi dialoqun dərinləşdirilməsi və iqtisadi-humanitar əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR