"Azərbaycan-Özbəkistan münasibətlərində növbəti mərhələ artıq sadəcə dostluq və tərəfdaşlığa deyil, həmçinin strateji məsələlərə söykənəcək. Çünki qarşıda təhlükəsizlik və müdafiə əməkdaşlığının institusional çərçivəyə salınması durur".
Milli Məclisin deputatı Arzu Nağıyev bunu Bakıvaxtı.az-a açıqlamasında bildirib.
Deputatın sözlərinə görə, Azərbaycanın Cənubi Qafqazdakı hərbi təcrübəsi ilə Özbəkistanın Mərkəzi Asiyadakı geosiyasi çəkisini birləşdirməyin vaxtı çoxdan çatıb və bu, Türk dünyasının təhlükəsizlik arxitekturasında yeni bir mərhələ ola bilər:
"Ən vacibi odur ki, sözügedən əməkdaşlıq heç bir üçüncü ölkəyə qarşı yönəlməyib; hərbi blok deyil, milli suverenliyin, ərazi bütövlüyünün, sərhəd təhlükəsizliyinin və regional sabitliyin qorunması mexanizmidir. Bu yanaşma həm Bakı, həm də Daşkənd üçün böyük diplomatik manevr imkanları yaradır".

A.Nağıyev qeyd edib ki, 2024 və 2025-ci illərdə həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik sahələrində işbirliyinin genişlənməsi davam edib. O, iki ölkənin hərbi-siyasi çəkisini qiymətləndirərkən müqayisələrə də aydınlıq gətirib:
"Özbəkistanı "Mərkəzi Asiyanın Türkiyəsi" kimi qələmə vermək tam doğru sayılmaz. Bu ifadə sadəcə Özbəkistanın regionda artan siyasi, iqtisadi və demoqrafik çəkisini göstərə bilər. Çünki Türkiyə NATO üzvüdür və böyük döyüş təcrübəsinə malik ordusu var. Eynilə, Azərbaycan-Özbəkistan münasibətlərini də Türkiyə-Azərbaycan modeli ilə tam eyniləşdirmək düzgün olmazdı. Daha doğru yanaşma odur ki, Bakı və Daşkənd arasındakı əlaqələr Türk dünyasında yeni bir strateji təhlükəsizlik oxunun formalaşmasına zəmin yaradır".
Deputat vurğulayıb ki, müdafiə və təhlükəsizlik sahəsində gələcəkdə uzunmüddətli əməkdaşlıq proqramı qəbul edilə bilər. Bura təcrübə mübadiləsi, hərbi kəşfiyyat məlumatlarının bölüşülməsi, sərhəd təhlükəsizliyi və birgə hərbi təlimlər daxildir:
"Eyni zamanda müdafiə sənayesi sahəsində də saziş imzalana bilər. Azərbaycan pilotsuz sistemlər üzrə ciddi nəticələr əldə edib, birgə istehsal və üçüncü ölkələrin bazarlarına çıxış müzakirə oluna bilər. Həmçinin müasir müharibələrin xarakterini nəzərə alaraq, kiber təhlükəsizlik üzrə ayrıca sənədin qəbulu ana xəttə çevriləcək".

Müsahibimiz əlavə edib ki, Azərbaycan-Türkiyə-Özbəkistan üçtərəfli formatının gələcəkdə müdafiə komponentləri ilə zənginləşdirilməsi mümkündür. Lakin bu, NATO tipli hərbi blok yaratmaq deyil, daha çevik və praktiki təhlükəsizlik platformasıdır.
Sonda A.Nağıyev vurğulayıb ki, Prezident İlham Əliyevin Özbəkistana səfəri bütün bu istiqamətlərdə - iqtisadi, siyasi və hərbi sahələrdə strateji addımların atılmasına xidmət edir və Azərbaycanın siyasətinin təməlində hər zaman ölkənin suverenliyi, ərazi bütövlüyü və vətəndaşların rifahı dayanır.
Zeynəb Rzayeva




