Ermənistan parlamenti hökumətin 2026–2031-ci illər üçün proqramını təsdiqləyib. Hakim “Vətəndaş Müqaviləsi” Partiyasının 63 deputatı lehinə, “Güclü Ermənistan” fraksiyasının 24 üzvü isə əleyhinə səs verib. Digər müxalifət fraksiyası olan “Ermənistan” səsverməni boykot edib.
Bakıvaxtı.az Ermənistan mediasına istinadən xəbər verir ki, proqramda Azərbaycanla rəsmi sülh sazişinin imzalanması, Türkiyə ilə münasibətlərin normallaşdırılması, Aİ, ABŞ, İran və Gürcüstanla əlaqələrin inkişaf etdirilməsi, Rusiya ilə münasibətlərin davam etdirilməsi nəzərdə tutulur.
Sənəddə Ermənistan ordusunun beynəlxalq missiyalar istisna olmaqla, ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda yerləşdirilməyəcəyi qeyd olunur.
Enerji sektorunda yeni nüvə elektrik stansiyası üçün texnologiyanın 2027-ci ilin sonunadək seçilməsi, 2040-cı ilədək günəş və külək enerjisinin ümumi gücünün 2 min MVt-a çatdırılması nəzərdə tutulur.
Proqramın müzakirəsi zamanı Baş nazir Nikol Paşinyan müxalifətə qarşı sərt açıqlamalar verib. O, əvvəlki hakimiyyəti təmsil edən müxalifət liderlərinin “oğurlanmış əmlakı geri qaytarmalı olacaqlarını” bildirib.
Günəş Mərd




