• Bakı 26° C

    9.1 m/s

  • USD - 1.7

    EUR - 2.0014

    RUB - 2.0565

Vaşinqton-Pekin gərginliyi: Trampla Si Cinpin görüşü hansı nəticələr verə bilər? - RƏYLƏR

SİYASƏT

09 Sentyabr 2025 | 09:57

Vaşinqton-Pekin gərginliyi: Trampla Si Cinpin görüşü hansı nəticələr verə bilər? - RƏYLƏR

ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyada keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak etməyi planlaşdırır. Məlumata görə, onun oktyabrda tədbir çərçivəsində Çin Sədri Si Cinpinlə görüşü gözlənilir.

Ağ Ev təsdiqləyib ki, ABŞ Prezidentinin Cənubi Koreyaya səfəri mümkündür və məqsəd iqtisadi, ticarət, müdafiə və mülki enerji sahəsində əməkdaşlıq üzrə danışıqlar olacaq.

Sammit çərçivəsində Trampla Si Cinpinin görüşü ABŞ-Çin münasibətlərinə necə təsir edə bilər? ABŞ-nin Çinə qarşı artan düşmənçiliyi bu görüşdən sonra azala bilərmi?

Tofiq Abbasov: ABŞ-Çin açıq qarşıdurmaları heç vaxt müharibəyə keçməyəcək

Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, ABŞ və Çin bir-birinə qarşı çox təzadlı və anlaşılmaz münasibətlərdədir. Lakin bu cür açıq qarşıdurmalar heç vaxt müharibəyə keçməyəcək.

Onun sözlərinə görə, ABŞ və Çinə müharibə lazım deyil. Bu ölkələr həm bir-birindən asılıdır, həm də qarşılıqlı dəstək içindədirlər. Çünki ABŞ biznesinin bir çox qanadları Çində yerləşdirilib, Çin Amerikaya xeyli sayda məhsul göndərərək istehsal qüvvəsini artırır. Həmçinin Çinin aktivləri Amerikada yerləşdirilib:

"ABŞ və Çinin rəqib olduğu doğrudur. Hətta bəzi hallarda münasibətləri düşmən səviyyəsində qarışıq hal alır. Ancaq buna baxmayaraq, toqquşmalar olmayacaq. Hər iki ölkə sakit rejimdə bir-birinə qarşı müharibə aparır. Bunu, ilk növbədə, Tramp edir. O, tariflərlə və qiymətlərlə öz münasibətini göstərir. Hər iki lider başa düşür ki, dünya qarşısında açıq şəkildə sərt davranışa keçməyə ehtiyac yoxdur. Nəticədə başda Rusiya olmaqla, üçüncü tərəflər yaranacaq. Hələ dördüncü qüvvə kimi ortalığa Hindistan çıxıb. Çin və ABŞ Rusiyanın qazanmasını istəmir. Əksinə Pekin və Vaşinqton vəziyyəti tarazlamağa çalışacaq ki, bir-biri üçün problem yaratmasınlar. Bu ölkələr mövqe qarşıdurmasına keçəcəklər. Bu tendensiya öz qüvvəsini uzun müddət saxlayacaq".

Tayvan məsələsinə də toxunan T.Abbasovun fikrincə, Çin heç vaxt Tayvana hərbi hücum etməyəcək. ABŞ və Qərb bu cür hərbi hücum gözləsə də, Çin onlara bu məsələdən yararlanmaq şansı verməyəcək. Ona görə ki, Tayvanda işğalçılar yoxdur və çinlilər yaşayırlar. Onların "Bir millət, iki sistem" deməsi təsadüfi deyil.

Nüsahibimiz qeyd edib ki, digər tərəfdən, Honkonq və Makao Çinin tərkibinə qayıtdı, orada kapitalizm elementləri öz təsirini yenə də saxlayıb. Dediyinə görə, lakin buna baxmayaraq, bir millət bir neçə sistem formulu təşəkkül tapıb:

“Bu baxımdan Tayvan məsələsində də Çin çalışacaq ki, praqmatik siyasətini qüvvədə saxlasın. Nəzərə alaq ki, sabit axarda gedən iqtisadi qarşıdurma Çinə nisbətən daha çox divindent gətirir. Ona görə də hazırkı vəziyyətdə Tramp çalışır ki, təkliflərini və tələblərini ortaya atsın və Çin üçün problemli vəziyyət yaratsın", - müsahibimiz əlavə edib.

Politoloq onu da bildirib ki, Tramp və Si Cinpinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcəklər. Çünki hər iki liderin bütün ölkələrlə münasibəti və gözləntiləri var:

"Cənubi Koreya, Flippin, Vyetnam və Yaponiya ilə bağlı Vaşinqton və Pekinin özünəməxsus siyasəti var. Vaşinqton o ölkələrdən ibarət koalasiyaları yığmaq niyyətindədir ki, Çini əhatələsin. Tramp bunu gizlətmir. O ölkələr başa düşür ki, Çin dünya nəhəngidir və artan iqtisadiyyatı var. Bundan başqa, hərbi gücünə görə ABŞ-dən geri qalmır. Çin gündən-günə güclənən hərbi-texniki potensiala malikdir".

Xəqani Cəfərli: Bu rəqabət bəzən artaraq gərginləşəcək, bəzən isə səngiyəcək

Politoloq Xəqani Cəfərli isə öz növbəsində Bakıvaxtı.az-a açıqlamasında vurğulayıb ki, ABŞ-nin Çinlə rəqabəti çox böyük ehtimalla əsrin sonuna kimi davam edəcək:

"Bu rəqabət bəzən artaraq gərginləşəcək, bəzən isə səngiyəcək. Buna görə də Trampın çinli həmkarı ilə görüşü prosesi ciddi şəkildə dəyişməyəcək”.

Politoloq vurğulayıb ki, əlbəttə, liderlər arasında işgüzar münasibətlər prosesə müsbət təsir edir. Ancaq ABŞ ilə Çin arasında rəqabət prezidentliyin kimliyindən asılı deyil.

“Trampın birinci prezidentliyi dövründə Çinə qarşı tətbiq etdiyi tariflər Bayden hakimiyyəti dövründə nəinki qüvvədə qaldı, hətta artdı. Bütövlükdə 21-ci əsr ən azı 2060-cı ilə kimi ABŞ ilə Çin arasında rəqabətlə keçəcək", - deyə Xəqani Cəfərli qeyd edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR