Xaçmaz şəhərində məişət tullantılarının daşınmasında ciddi çətinliklər müşahidə olunur.
Bakıvaxtı.az xəbər verir ki, şəhərin müxtəlif küçələrində günlərlə qalaqlanan tullantılar sakinlərin narazılığına, həmçinin xoşagəlməz mənzərə və üfunət qoxusunun yaranmasına səbəb olub.
Sakinlər bildiriblər ki, tullantılar vaxtında daşınmadığından xəstəlik riski artır, ətraf mühit çirklənir:
"Dəfələrlə aidiyyəti qurumlara müraciət etmişik, amma nəticə yoxdur. Günlərlə qalaqlanan tullantıları bəzən özümüz yandırmaq məcburiyyətində qalırıq. İstəyimiz odur ki, tullantılar yalnız çəkiliş vaxtı yox, hər zaman vaxtında daşınsın".
Məsələ ilə bağlı Xaçmaz şəhər Mənzil Kommunal Təsərrüfatı İdarəsinin rəisi Rahil Mahmudov "Report"un yerli bürosunun sorğusuna cavabında problemin səbəbini texniki nasazlıqla izah edib:
"Mövcud problem texnikaların nasazlığı ilə bağlıdır. Çoxu artıq istismar müddətini başa vurub. Hazırda tullantıların daşınması bərpa olunub. Rayona yeni xüsusi texnika da ayrılıb. Sənədləşmə işləri aparılır, yekunlaşdıqdan sonra istifadəyə veriləcək. Bundan sonra tullantıların daşınmasında problem olmayacaq".