• Bakı 14° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Yağış kənd təsərrüfatına ciddi ziyan vurdu: Bahalaşma olacaq

CƏMİYYƏT

17 Aprel 2025 | 13:36

Yağış kənd təsərrüfatına ciddi ziyan vurdu: Bahalaşma olacaq

Dünən ölkə ərasizində yağan yağış müxtəlif bölgələrimizdə sel daşqınlarına səbəb olub. Sel daşqınları təkcə evləri, yolları deyil, həm də kənd təsərrüfatı sahəsinə ciddi şəkildə ziyan vurub. Ənənəvi əkin və heyvandarlıqla dolanan bölgələrdə torpaq sahələrinin su altında qalması, məhsulların məhv olması və təsərrüfatların sıradan çıxması, fermerlərin aylardır çəkdiyi zəhmətin bir an içində itməsi ilə nəticələnib.

Bakıvaxtı.az xatırladır ki, dünənki yağışın yağıntı həddi sonuncu dəfə 1966-cı ildə qeydə alınıb.

Belə fors-major hallarda kənd təsərrüfatı ilə məşğul olanlar nə etməlidirlər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən kənd təsərrüfatı eksperti Vahid Məhərrəmovun sözlərinə görə, çox təəssüf ki, ölkəmizdə kənd təsərrüfatı sahəsində maarifləndirmə işləri aparılmır. Bunun nəticəsində də fermerlər öz təsərrüfatlarını sığortalamırlar:

"Televiziyada əsasən şou proqramlar yayımlanır. Halbuki əhalinin maarifləndirilməsi ilə də mütəmadi şəkildə məşğul olunmalıdır. Kənd Təsərrüfatı Nazirliyi də bu sahədə əhali arasında maarifləndirmə işləri aparmalıdır".

O qeyd edib ki, hamımız ərzaqla qidalandığımıza görə bu məsələ hər kəs üçün vacibdir:

“Kənd təsərrüfatına dəyən ziyan dolayısı ilə hər birimizə təsir edir. Ona görə də kənd təsərrüfatı ilə məşğul olan insanların istehsal zamanı çətinlik yaşamaması hamımızın marağında olmalıdır”.

Ekspert qeyd edib ki, çox az sayda kəndli təsərrüfatını sığortalayır. Onlar hesab edirlər ki, sığorta yalnız pul itkisinə səbəb olur. Düşünürlər ki, fors-major hal baş verməzsə, sığortaya verilən pul boşa gedəcək.

Vahid Məhərrəmov: Çox az sayda kəndli təsərrüfatını sığortalayır, hesab edirlər ki, sığorta yalnız pul itkisidir

Mütəxəssis vurğulayıb ki, bu cür hadisələr hər il təkrarlanır:

“Hər il güclü yağışlar nəticəsində sel və daşqınlar baş verir. Bu zaman fermerlərin toyuq-cücəsi, xırda və iri buynuzlu heyvanları belə tələf olur. Bitkiçiliklə məşğul olan fermerlərə də ciddi ziyan dəyir və onlar yenidən əkin aparmalı olurlar”.

Onun sözlərinə görə, belə hallarda hökumət vətəndaşların vəziyyətini nəzərə almalıdır:

“Hökumət bilməlidir ki, kəndlilər bütün vəsaitlərini istehsala yönəldir və daha çox qazanc əldə etmək üçün çalışırlar. Xüsusi qərar qəbul olunmalı və fors-major hallarda kənd təsərrüfatına dəyən zərərin qarşılanması üçün dövlət büdcəsindən müəyyən vəsait ayrılmalıdır”.

“Kəndliyə ayrılmayan maddi yardım əhalinin özünə ziyandır. Çünki bazara daha az məhsul çıxacaq və bu da qiymətlərin artmasına səbəb olacaq”, - deyə Vahid Məhərrəmov qeyd edib.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR

18 Aprel 2025