• Bakı 24° C

    10.24 m/s

  • USD - 1.7

    EUR - 1.9383

    RUB - 2.1668

Yaxın Şərq yeni təhlükəli mərhələdə: Müharibə regional qarşıdurmaya çevrilir

DÜNYA

30 Iyul 2026 | 17:03

Yaxın Şərq yeni təhlükəli mərhələdə: Müharibə regional qarşıdurmaya çevrilir

Yaxın Şərqdə qarşıdurma artıq yalnız İran, ABŞ və ya İsrail arasında məhdud hərbi toqquşma çərçivəsindən çıxaraq daha geniş regional təhlükəsizlik böhranına çevrilməkdədir. Bölgədə son günlər baş verən hadisələr də bunun göstəricisidir.

ABŞ-nin İran ərazisində həyata keçirdiyi yeni hərbi əməliyyatlar, İranın cavab hücumları və müxtəlif ölkələrin bu prosesə dolayısı ilə cəlb olunması bölgədə yeni qüvvələr balansının formalaşdığını göstərir. Əgər əvvəllər diplomatik kanallar eskalasiyanın qarşısını müəyyən qədər ala bilirdisə, hazırkı mərhələdə hərbi addımlar siyasi dialoqu üstələyən əsas amilə çevrilib.

Xüsusilə diqqət çəkən məqam odur ki, qarşıdurmanın coğrafiyası genişlənir. İran və ABŞ arasında yaşanan gərginlik artıq İraq, İordaniya, Körfəz ölkələri və Şərqi Aralıq dənizi istiqamətinə də təsir göstərir. Enerji infrastrukturu, limanlar, hərbi bazalar və strateji logistika marşrutları potensial hədəfə çevrilir. Bu isə təkcə regional təhlükəsizliyi deyil, qlobal enerji bazarlarını və beynəlxalq ticarət zəncirini də risk altına salır. Hörmüz boğazı və Qırmızı dəniz ətrafında yaranan hər hansı yeni gərginlik dünya iqtisadiyyatına birbaşa təsir göstərə bilər.

Digər tərəfdən, Qəzza zolağında atəşkəs istiqamətində diplomatik səylər davam etsə də, hərbi əməliyyatların tam dayanmadığı görünür. İsrailin təhlükəsizlik prioritetləri ilə HƏMAS-ın irəli sürdüyü şərtlər arasında ciddi fikir ayrılıqları qalır. ABŞ, Misir və Qətərin vasitəçilik təşəbbüsləri danışıqların davam etməsinə imkan versə də, tərəflər arasında etimad səviyyəsinin aşağı olması prosesin mürəkkəbliyini artırır. Bu vəziyyət Yaxın Şərqdə humanitar böhranın da uzun müddət davam edə biləcəyi ehtimalını gücləndirir.

Livan və Suriya istiqamətində baş verən proseslər də regionun yeni təhlükəsizlik arxitekturasının formalaşdığını göstərir. Livanda nisbi sakitliyin qorunmasına çalışılsa da, İsrai-“Hizbullah” qarşıdurmasının yenidən alovlanması riski qalır. Eyni zamanda, Suriyanın İsraillə təhlükəsizlik mexanizmləri barədə mesajlar verməsi Dəməşqin illərdir davam edən sərt mövqeyində müəyyən taktiki dəyişikliklərin mümkünlüyünü göstərir. Bu, bölgədə yeni diplomatik kombinasiyaların meydana çıxmasına səbəb ola bilər.

Baş verən hadisələr fonunda Körfəz ölkələrinin davranışı da diqqət çəkir. Səudiyyə Ərəbistanı, BƏƏ və digər ərəb dövlətləri bir tərəfdən ABŞ ilə təhlükəsizlik əməkdaşlığını davam etdirir, digər tərəfdən isə münaqişənin öz ərazilərinə yayılmaması üçün ehtiyatlı siyasət yürütməyə çalışırlar. Onların əsas məqsədi enerji ixracını, iqtisadi sabitliyi və investisiya mühitini qorumaqdır. Buna görə də bölgə dövlətləri hərbi eskalasiyadan daha çox diplomatik həll variantlarının saxlanılmasında maraqlı görünürlər.

Ümumilikdə, Yaxın Şərq hazırda son illərin ən həssas geosiyasi mərhələlərindən birini yaşayır. Hərbi əməliyyatların intensivləşməsi ilə paralel şəkildə diplomatik təşəbbüslərin də davam etməsi göstərir ki, tərəflər həm güc nümayiş etdirməyə, həm də danışıqlar üçün mövqelərini möhkəmləndirməyə çalışırlar. Lakin mövcud dinamika onu göstərir ki, hər hansı lokal insident qısa müddətdə daha geniş regional qarşıdurmaya çevrilə bilər. Bu baxımdan qarşıdakı günlərdə ABŞ, İran, İsrail və ərəb ölkələrinin atacağı addımlar Yaxın Şərqin təhlükəsizlik gündəmini müəyyən edən əsas amillər olacaq.

Ruslan Zəngəzur


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR