ABŞ-dəkı alimlər yeni bir geyinilə bilən cihaz hazırlayıblar.
Bakıvaxtı.az xəbər verir ki, bu cihaz Northwestern Universitetinin mühəndisləri tərəfindən hazırlanıb.
Bu texnologiya istifadəçilərə sanal mühitlərdə toxunma hissini yaşamağa imkan verir və sağlamlıq sahəsində də mühüm tətbiqlərə sahib ola bilər. Yeni nəsil geyinilə bilən cihaz, incə və elastik quruluşu ilə cildin üzərinə yerləşdirilir və titrəmə, təzyiq, fırlanma hərəkətləri vasitəsilə toxunma hissini simulyasiya edir. Bu yenilik, virtual reallıq (VR) və oyun təcrübələrini daha real hala gətirməklə yanaşı, görmə məhdudiyyəti olan şəxslərə ətraf mühitlərini “hiss etməyə” kömək edə və protez istifadəçiləri üçün daha dəqiq geri bildirimlər təqdim edə bilər.
Mühəndislər bildirirlər ki, cihaz əvvəlki modellərə nisbətən daha geniş tezlik aralığında işləyərək real toxunma hissini yaratmağa imkan verir. Bundan əlavə, cihaz enerjiyə qənaət edərək yalnız hərəkət dəyişdikdə enerji sərf edir və uzunmüddətli istifadəyə imkan yaradır.
Aparılan sınaqlar göstərib ki, cihaz görmə məhdudiyyəti olan şəxslər üçün yeni imkanlar açır. Belə ki, cihaz, istifadəçiyə ətrafdakı obyektlər haqqında toxunma siqnalları göndərərək onların istiqamətini və məsafəsini anlamağa kömək edə bilər.
Alimlər bu texnologiyanın gələcəkdə tibb, hərbi simulyasiyalar, robot idarəetməsi və təhsil sahəsində də geniş tətbiq imkanlarına sahib ola biləcəyini vurğulayırlar.
Nuriyyə Musayeva