Azərbaycan Prezidenti “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması haqqında Sərəncam imzalayıb.
Bakıvaxtı.az xəbər verir ki, Sərəncamla Nazirlər Kabinetinə layihələri və habelə həmin layihələrdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün zəruri maliyyə vəsaitinin həcminə və maliyyələşmə mənbələrinə dair təkliflərini doqquz ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməsi tapşırılıb.
Hökumət bu işdə qabaqcıl beynəlxalq təşkilatlarla və ixtisaslaşmış məsləhətçi şirkətlərlə və eləcə də aidiyyəti dövlət orqanlarının, elmi təşkilatların, mütəxəssislərin və vətəndaş cəmiyyəti təsisatları ilə əməkdaşlıq edəcək.
Sənəddə qeyd edilir ki, Azərbaycan qarşıdakı illərdə daha mürəkkəb çağırışların və zəngin imkanların mövcudluğu ilə seçilən yeni mərhələyə daxil olur. Bu mərhələ qlobal iqtisadi qütbləşmənin dərinləşməsi, texnoloji tərəqqinin sürətlənməsi, eləcə də süni intellekt əsaslı texnologiyaların geniş tətbiqi ilə səciyyələnir.
Yeni Strategiya və Dövlət Proqramında nələr nəzərdə tutulacaq?
Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, birmənalı şəkildə hər iki sənəd Qarabağ və Şərqi Zəngəzurda intensiv bərpa və yenidən qurma və xüsusən də məskunlaşma prosesininin sürətli davamını təmin edəcək.
Deputat qeyd edib ki, işğaldan azad olunan ərazilərimizdə artıq 15 min keçmiş məcburi köçkün məskunlaşıb. İkinci Dövlət Proqramının icrasının başlamasınadək isə təxminən 140 minə yaxın vətəndaşımız öz ata-baba yurdlarına qayıdacaqlar.
"Bütün bunlar ilə yanaşı, cənab Prezidentin tapşırığına uyğun olaraq, növbəti mərhələdə ölkəmizin ötən illərdə əldə etdiyi sosial-iqtisadi nailiyyətlərin davamlı şəkildə artırılması, bunun üçün özəl, o cümlədən birbaşa xarici investisiyaların cəlbinin genişləndirilməsi, biznes mühitinin əlverişliliyinin yüksəldilməsi, iqtisadiyyatın bilik və texnologiya tutumunun gücləndirilməsi, həmçinin işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın davamlılığının təmin edilməsi ilə işlər daha da dərinləşəcək.
İşğal dövründə tamamilə dağıdılaraq xarabalığa çevrilən Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur və inkişaf edir. Qarabağı növbəti mərhələdə Azərbaycanın iqtisadi inkişaf drayverlərdən birinə çevriləcək",-deyə millət vəkili vurğulayıb.
Mina Mikayılova