Son zamanlar ölkəmizdə avtobus qəzalarının sayında artım müşahidə olunur. Bu artım ictimai nəqliyyatdan istifadə edən sərnişinlər arasında da qorxu yaradır.
Bəs görəsən, avtobus qəzalarının artmasına səbəb nədir? Avtobus sürücüləri işə götürülərkən hansı qaydalara diqqət edilməlidir?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, avtobus qəzalarının qarşısını almaq üçün yol hərəkəti təhlükəsizliyi ilə bağlı ciddi silsilə tədbirlər görülməlidir.
Onun sözlərinə görə, ilk olaraq qəza ocaq xəritələri çıxarılmalıdır və dünyanın aparıcı dövlətlərinin tətbiq etdiyi "Vision Zero" konsepsiyası çərçivəsində sürəti azaldan, təhlükəsizliyi artıran elementlərin şəhərlərimizdə, yaşayış məntəqələrində sayı artırılmalıdır:
""Vision Zero" ölüm hallarının qarşısını almaq məqsədi daşıyan qlobal təhlükəsizlik strategiyasıdır. Bundan başqa, dayanacaq və parkinq sahələrinin fiziki olaraq ayrılmasına, sonradan inklüzivliyi təmin edən anti-cipin həmən dayanacağın ön hissəsinə qurulmasına ehtiyac var. Dayanacağın önündə Kassel bardurləri qurulmalıdır. Həmçinin dayanacağın qorunması üçün ətrafına tumbaların vurulmasına, səviyyə fərqləri varsa, Vyana platformaları kimi qurulmasına ehtiyac var. Vyana platformalarında giriş-çıxış pandusla təşkil olunur ki, bu da minib düşənlərin rahat və baryersiz hərəkətinə səbəb olur”.
Müsahibimiz qeyd edib ki, digər tərəfdən, dayanacağın yanında keçidlərin də daha təhlükəsiz təşkilinə ehtiyac var. Belə ki, zolaqların ensizləşdirilməsi, iki zolaqdan artıqdırsa, təhlükəsizlik adacığının təmin olunması, kontrast işıqlandırma kimi həllər tətbiq edilməlidir.

Rauf Ağamirzəyev: Avrobus sürücülərinin il ərzində ən azı iki dəfə təlimlərə cəlb olunmasına ciddi ehtiyac var
Ekspert hesab edir ki, ictimai nəqliyyat sürücülərinin şəraiti də yaxşılaşdırılmalıdır. Yəni, son məntəqələrdə onların istirahət etməsi, ibadəti və təbii ehtiyaclarının ödənməsi üçün şəraitin yaradılmasına ehtiyac var.
"Bir çox avtobusların son məntəqələrində heç tualet yoxdur və bəzi qovşaqlar isə kompleks yanaşma tələb edir. Eyni zamanda sürücülərin il ərzində ən azı iki dəfə təlimlərə cəlb olunmasına ciddi ehtiyac var və sürücülərin asudə vaxtını keçirmək üçün idmana cəlb olunmasını vacib hesab edirəm. Çünki stresli sahədə çalışırlar”. Son 11 ildə bir xeyli müsbət irəliləyişlərin olduğuna diqqət çəkəb R.Ağamirzəyev qeyd edib ki, bütün avtobuslarda sürətə nəzarət edən qurğular, GPS və kameraların quraşdırılmasına ehtiyac var:
“Bu, bəzi daşıyıcılarda mövcuddur, amma tamlığı təmin olunmalıdır. Yəni, istənilən marşrutda sürətə nəzarət edən qurğular, GPS və təhlükəsizliyi təmin edən kameraların qurulması bir şərt kimi olmalıdır. Bu tədbirlər vahid şəbəkə şəklində tətbiq olunmaqla yanaşı, təhlillər aparılmalıdır. Yəni görülən tədbirin effektivliyi də ölçülməlidir".
R.Ağamirzəyev onu da vurğulayıb ki, kor zonanı aradan götürmək üçün parkinq sahəsiylə zebranın birləşdiyi n çıxıntılı (qabarıq) təşkili təhlükəsizliyi artırmağa kömək edir. Bu, sürücüyə uzaqdan görməyə imkan verir. Kontrast işıqlandırma və təhlükəsizlik adacığı sürücünün daha diqqətli olmasına kömək edir. Nəticədə sürücüyə uzaq məsafədən piyadaların olması və ya dayanacağın yeri istiqamətləndirilir. Bu isə təhlükəsizliyin təmini üçün əlverişlidir.
Gülşən Şərif
Bakı 



