• Bakı 16° C

    3.28 m/s

  • USD - 1.7

    EUR - 1.9252

    RUB - 2.1118

Balaca Qaya atasına baxıb dedi: Ermənilər EVİMİ dağıtdı… - Qalib İbrahimoğlu yazır
YAZARLAR
06 May 2025 | 12:27

Balaca Qaya atasına baxıb dedi: "Ermənilər EVİMİ dağıtdı…" - Qalib İbrahimoğlu yazır

Qalib İbrahimoğlu

Kəndin yuxarı başında - daşı daş üstündə qalmayan evinə baxırdı Rey. Günəş çıxsa da, bədənində üşütmə vardı bir az. Əllərini cibinə salıb çiynini yuxarı çəkib öz-özünə nəsə pıçıldadı.  Adı ev olan yerdən 4-5 addım uzaqlaşıb yenidən geri döndü. Oğlu eynən onun kimi - əlləri cibində, çiynini yuxarı çəkmiş halda - dayanmışdı.

- Gəl, Qaya ,- dedi Rey.

- Ermənilər evimi dağıtdı - Bunu isə balaca Qaya atasına baxmadan, ağlaya-ağlaya, kiminləsə dalaşırmış kimi qışqıraraq söylədi.

Rey daşın üstündə çöməldi. Elə bildi, oğlunun kəndin bu başında “Ermənilər evimi dağıtdı” sözləri kəndin aşağı hissəsində eşidildi.

... Xoş bir xəbərə həsrət idik. Bu xəbərləri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev 2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsinin elə ilk günlərindən xalqa çatdırdı.

... işğaldan azad olundu...

Şanlı Ordumuz torpaqlarımızı bir-birinin ardınca azad etdikcə Rey Kərimoğlunun ürəyi az qalırdı yerindən çıxsın. Bütün ağdamlılar kimi o, cənab Prezidentin Ağdamla da bağlı belə bir bəyanatını gözləyirdi.

Və...

Ali Baş Komandan çıxış edir:

-Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz.

30 ildi bu sözü gözləmirdimi ağdamlılar?

Prezident fikirlərini davam etdirir:

-Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız.

İlahi, görəsən, dövlətimizin başçısının bu sözlərindən sonra “bu gün qayıdırsınız” deyilsəydi, küçələrə axışmayan qalardı?

“Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir”,  - “Dəmir yumruq” yerindədi.

Və Prezident bəyan edir:

- Ağdam bizimdir, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev no­yabrın 20-də xalqa müraciətində Ağdam ra­yonunun yağı tapdağından xilas edilməsini noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatın nəticəsi kimi dəyərləndirib. Üçtərəfli bəyanat Azərbaycanın Qələbəsidir, torpaqlarımızın qayıtmasıdır, bayrağımızın ucaldılmasıdır. Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytarır. Bu gün yaşadığımız günlər, yaşadığımız anlar hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq.

... İşğaldan azad olunmuş digər qəsəbələrimiz, kəndlərimiz, rayon və şəhərlərimiz kimi Ağdam da yenidən qurulur.

Sarıcalıya köç başlayıb. Növbəti köçün Xıdırlı və Kəngərli kəndlərinə olacaq.  Ağdam şəhərinin özünə isə oktyabr- noyabr aylarında ilk köç planlaşdırılır.

Şəhərə 2026-cı ilə qədər 20-25 min əhali köçürüləcəyi nəzərdə tutulub.

...

Oğlunun “Ermənilər evimi dağıtdı” sözləri Rey Kərimoğlunun qulağından çəkilmir hələ də.

Bu sözlər yaddaşlarda illərdi daş olub oturmuşdu.

Balaca Qayanın “ermənilər dağıtdı” dediyi ev yerində qalsaydı, divardan nənəsinin xalçası, üstündən də babasının şəkli asılardı. O ev dağılmasaydı, indi atası samovar qaynadar, anası sacda kətə bişirər, Qaya özü isə velosipedini həyətdə o yana-bu yana sürərdi.

O evdən heç nə yoxdu indi. Quru torpaq qalır, işğaldan azad olunandan sonra rahat nəfəs alan torpaq.

Ev(lər) yoxdu.  Amma Qayanın ermənilərin dağıtdığı EVİ də daxil olmaqla yeni evlər tikiləcək: divarları daşdan, ruhu Qayanın adı kimi möhkəm.

Və Qaya atasına yoldan aldırdığı fırçanı balaca əlinə götürüb, boyaya batırdı. Ucub-dağılmış divara adını yazdı: QAYA

- BU EV MƏNİMDİ. QAYANIN EVİ... BUNU HEÇ KƏS DAĞIDA BİLMƏZ. QOY ERMƏNİLƏR MƏNDƏN QORXSUN. MƏN GÜCLÜYƏM...

Ağdamlı günlərin əbədi olsun, Qaya!


SON XƏBƏRLƏR