Onlar Qarabağda doğulmayıblar. Körpəlikləri, uşaqlıqları başqa şəhər və rayonlarda keçib. Doğma yurdun adını valideynlərindən, nənə-babalarından eşidib böyüyüblər. İndi isə Qarabağa qayıdırlar. Heç vaxt görmədikləri Qarabağa. Əbədi qarabağlı olacaqları Qarabağa...
İşğaldan azad edilmiş ərazilərə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Böyük Qayıdış prosesi davam etdirilir.
"Bu mərhələdə Xankəndi şəhərinə 12 ailə köçürülüb". "Ağdama daha 300 nəfər döndü". "Növbəti köç: Bu dəfə Şuşaya..."
"Doğma yurdlarına qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edib, bu yolda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyiblər".
Hər dəfə belə xəbərləri çatdıranda qürur quyuruq. Torpaqlarımızın azadlığı üçün canından keçən şəhidlərimizlə, Ali Baş Komandanımızla, sağlamlıqlarını torpaqlarımız üçün itirən qazilərimizlə, daim ayıq-sayıq olan Ordumuzla... Azərbaycanımızla qürur duyuruq, azərbaycanlı olduğumuzla qürur duyuruq...

Onlar Qarabağa gedirlər. Doğulmadıqları, üzünü görmədikləri, bir dəfə də olsun ayaq basmadıqları Qarabağa. Əbədi qarabağlı olmaq üçün gedirlər...
Bu qayıdışı təkcə bir ailənin yaşayış yerini dəyişməsi kimi qələmə verməyək. Bu, illərlə həsrətində qaldıqları doğma torpağa dönüşün yeni nəslə ötürülməsidir.
Qarabağa qayıdan ailələrin arasında hər dəfə körpələr və uşaqları görəndə sevinirsən. Müharibənin ağrılarını, doğma yurdun işğal illərini öz gözləri ilə görməyən bu uşaqların, körpələrin ailə tarixində Qarabağın xüsusi yeri var. Nənə-baba xatirələrindən, ata-ana söhbətlərindən, ailə albomlarından, kitablardan, filmlərdən eşidib gördükləri torpağı indi öz gözləri ilə görəcəklər.

Onlar Qarabağı görəcəklər, Qarabağı qarış-qarış gəzəcəklər, Qarabağda oxuyacaqlar, Qarabağda yeni dostlar qazanacaqlar, uşaqlıqlarını, gəncliklərini Qarabağda yaşayacaqlar, əbədi qarabağlı olaraq Qarabağı qoruyacaqlar.
"Böyük Qayıdış" keçmişin yaralarına sağaldır, eyni zamanda gələcəyi qurur. Qurulan yaşayış məntəqələrində isə həm də yeni nəsil formalaşır.
Ən böyük fərq də elə budur: indi Qarabağa köçən bu körpələr, uşaqların Qarabagla bağlı xatirələri təkcə valideynlərindən, nənə-babalarından eşitdiklərindən, kitablarda oxuduqlarından, filmlərdə gördüklərindən ibarət olmayacaq. Onlar özləri xatirə yaradacaq – baxçaya, məktəbə getdikləri yollar, oynadıqları məhlələr, dostları, ailələri ilə keçirdikləri günlər...
Valideynlərinin illərlə göz yaşı içində danışdığı doğma yurd indi bu uşaqların həyatının bir hissəsi olacaq.
Onlar Qarabağa gedirlər. Doğulmadıqları, heç vaxt görmədikləri Qarabağa. Qarabağda böyüyərək bu bağlılığı daha da möhkəmləndirəcəklər. Qarabağ onların gələcəyi olacaq.
Onlar Qarabağa gedirlər. Əbədi qarabağlı olmaq üçün...













