• Bakı C

    5.01 m/s

  • USD - 1.7

    EUR - 1.789

    RUB - 1.5962

Azadlığın al rəngi var bayrağında... - Qalib İbrahimoğlu yazır
YAZARLAR
09 Noyabr 2024 | 15:37

Azadlığın al rəngi var bayrağında... - Qalib İbrahimoğlu yazır

Qalib İbrahimoğlu

... Milli Qəhrəman Natiq Qasımovun əlində üçrəngli bayrağımızı tutub ermənilərin üzərinə getdiyi fotoya baxıram. Necə də əzəmətli bayraqdır, necə də şəstlə gedir. Və hər dəfə bu fotoya baxanda bu bayrağımızın gec-tez Azərbaycanın hər bölgəsində qaldırılacağına inanırdım. Və budur, o fotonun çəkilməsindən 32 il sonra üçrəngli, ay-ulduzlu bayrağımız ərazi bütövlüyünü bərpa edən Azərbaycanımızın hər guşəsində dalğalanır. Və o bayraq üçün canını fəda edən bütün şəhidlərimiz kimi, Natiqin də ruhu şaddır...

... Bir dəfə oğlumla avtobusa  minəndə sərnişinlərdən birinin bayrağımızı unudub oturacaqda qoyub getdiyini gördük. Oğlum heç nə demədi, bayrağı öpüb gözünün üstünə qoydu, bayrama gedirmiş kimi əlində tutdu. 

-Bu bayraqdan ötrü canını verən oğullar olub ey... - deyə öz-özünə bayrağımızın həmişə yüksəkliklərdə dalğalandığına görə o şəhidlərə borclu olduğumuzu söylədi.

Evə qayıdanda avtobusda oturacaqda unudulmuş o bayrağı dərs masasının üstünə qoydu...

Övladlarımıza bayraq sevgisini evimizdə aşılamalıyıq. Baxçalarda, məktəblərdə sevdirməliyik... 

Bayrağını sevmək millətini sevməkdir.

Bayrağını sevmək xalqını sevməkdir.

Bayrağını sevmək dövlətini sevməkdir.

... Türkiyədə oxuyan qızımın məzun günündə iştirak edərkən tədbirdə Azərbaycan bayrağının da dalğalanması qürurvericiydi. Bayrağımızı təkcə orda oxuyan azərbaycanlıların deyil, digər ölkələrdən olan tələbələrin də qaldırması başqa qürur idi. Demək, gənclərimiz bayrağımızı sevdikləri kimi, sevdirməyi də bacarırlar...

Digər ölkələrdə bayrağımıza hörmət 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərdən sonra birə beş artıb. Bayrağımızı şəhidlərimiz bir daha sevdirdi bu millətə. Ruhunuz şad olsun.

Qələbəmiz insanların məsuliyyətini də artırdı. Bayrağı sevmək, onu uca tutmaq, hər yerdə daim yüksəklərdə dalğalandırmaq məsuliyyətini.

Bayraq  kimliyimizdir.  Kimliyimizi  uca  tutaq.

Bayraq  mənliyimizdir.  Mənliyimizi  qoruyaq.


SON XƏBƏRLƏR