Bərbərxana. Bərbər müştərinin saçını qırxır. Salonda da 5-6 gənc məntəqə seçki komissiyasının üzvləri kimi cərgəylə oturub növbə gözləyirlər.
İçəri bir qadın daxil olaraq yazıq görkəmdə dillənir:
- Oğlum, mənim oğlumun da saçını qırxarsan?
- Anam, bu müştəridən sonra “kliyent”lər var. - Bərbər deyir.
- Oğlum qazidi, bala. Ayaq üstə dura bilmir. - Qadın bir az da yazıqlaşır.
-Nə?! Qazi?!
Bərbər özünə bir əl qatır ki, gəl görəsən.
Müştəriyə üzünü tutaraq, “kişi, olar qazi qardaşımızı yola salaq?” deyib cavab gözləmədən qapıya tərəf yüyürür. Və bu zaman bir qardaşımız əlində əsa içəri girir. Girən kimi də bayaq məntəqə seçki komissiyasının üzvləri kimi cərgəylə oturan gənclər hamısı ayağa qalxır...
O gün sosial şəbəkədə qarşıma çıxan bu videoya hövsələmi basıb axıradək baxdım. Baxmaz olaydım.
Özlüklərində guya şəhid ailələrinə, qazilərə diqqət və qayğını göstəriblər. Adına da sosial çarx deyirlər. Cılızdan da cılız, zəifdən də zəif bir video.
Qazi anası özünü niyə elə zəif tutmalıdır? Şəhid ailəsini niyə yazıq göstəririk?
Çünki belə “sosial çarx”ların təqdimatında şəhid anası daim göz yaşı içində, boynubükük, səsi titrəyən bir qadın kimi göstərilir. Bu cür “sosial çarx”lardır ki, qazini əlində əsa oturub kömək diləyən bir obraz kimi təqdim edirlər. Guya “hörmətin” göstəricisidir. O hörməti alçaltmaqla, yazıqlaşdırmaqla göstərəcəksənsə, göstərmə.
Şəhid anası başını dik tutmalıdır. Bu xalqın ən uca məqamına sahibdir o ana - Vətən üçün oğul böyüdüb.
Qazi əsayla gəzə bilər, amma milyonlardan ucadır. Onları gücsüz deyil, iradəsi və fədakarlığı ilə güclülərdən də güclü göstərmək lazımdır.
Cəmiyyət olaraq borcumuz bu ailələrə mərhəmətlə yanaşmaq deyil, qürurla yanaşmaqdır. Onları belə cılız sosial çarxların yazıq qəhrəmanları etməyək. Qaziləri, şəhid ailələrini ucuz sentimental kadrlarda yox, real həyatda başı uca görək. Şəhid ailələrinin, qzilərin ehtiyaclarını dilənçi payı kimi təqdim etməyək, bunu Dövlətin və Xalqın borcu kimi həll etmək lazımdır.
Şəhidlik, qazilik gücün, iradənin, ləyaqətin təcəssümüdür. Vətən üçün qan tökən, canından keçən oğulların hekayəsini yazıqcasına yox, şərəfli bir hekayə olaraq təqdim edək. Əks halda, sosial şəbəkələrdə paylaşılan belə “sosial çarxlar” cılız, cılız olduğu qədər də bayağı görüntüdən o tərəfə keçməyəcək.