• Bakı 23° C

    1.87 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.3845

Günəş altında qalan sular təhlükəlidirmi? - Mütəxəssisdən XƏBƏRDARLIQ

CƏMİYYƏT

26 May 2026 | 12:57

Günəş altında qalan sular təhlükəlidirmi? - Mütəxəssisdən XƏBƏRDARLIQ

Havaların isinməsi ilə mağazalarda suya tələbat da artır. Xüsusilə yay aylarında market və dükanların qarşısında günəş altında saxlanılan su qablarına tez-tez rast gəlinir. Gün ərzində yüksək temperaturun təsiri altında qalan plastik qablardakı suların sağlamlığa təsiri isə vətəndaşları düşündürən əsas məsələlərdəndir.

Bəs uzun müddət günəş şüaları altında qalan su hansı risklər yaradır və su alarkən nələrə diqqət edilməlidir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-ın suallarını cavablandıran sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, yay aylarında sudan istifadə artsa da, əsas diqqət onun keyfiyyətinə və saxlanma şəraitinə yönəlməlidir.

Onun sözlərinə görə, orqanizm üçün faydalı olan yalnız düzgün şəraitdə saxlanılan və keyfiyyətinə nəzarət olunan sudur.

“Havaların temperaturu yüksəldikcə, xüsusilə də yay aylarında sudan daha çox istifadə olunur. Suyun sağlamlıq üçün faydaları çox olsa da, yalnız keyfiyyətli, doğru şəkildə saxlanılan və düzgün qablaşdırılan sudan istifadə etmək orqanizm üçün faydalı ola bilər. Yaxşı olar ki, gündəlik istifadə üçün şüşə qablarda satılan sulardan istifadə olunsun”.

Mütəxəssis qeyd edib ki, plastik qablarda satılan sularda saxlanma temperaturuna xüsusi diqqət yetirilməlidir.

“Əgər plastik qablarda satılan sulardan istifadə ediləcəksə, bu zaman mütləq şəkildə onun doğru temperaturda saxlanıldığına diqqət olunmalıdır. Çünki plastik qablarda satılan suların etiket məlumatlarında adətən 5 dərəcədən 20 dərəcəyə qədər temperaturda saxlanılması göstərilir. Hazırda yay mövsümüdür və temperatur bəzən 30-34 dərəcəyə, hətta daha yüksək həddə çatır. Belə şəraitdə suların açıq havada və günəş şüaları altında saxlanılması onun tərkibinin dəyişməsinə gətirib çıxarır”.

Məhsəti Hüseynovanın sözlərinə görə, yüksək temperatur plastik qabların tərkibindəki bəzi maddələrin suya keçməsinə səbəb ola bilər.

“20 dərəcədən yuxarı temperaturda plastik qablarda saxlanılan sularda mikroplastik hissəciklərin, eləcə də bisfenol A maddəsinin suya keçməsi mümkündür. İnsan həmin suyu istifadə etdikdə bu maddələr orqanizmə daxil olur. Bunun təsiri dərhal hiss olunmaya bilər, amma illər sonra müəyyən sağlamlıq problemləri ilə özünü göstərə bilər”.

Məhsəti Hüseynova: Məhsul alarkən etiket məlumatlarını diqqətlə yoxlayın

O bildirib ki, istehlakçılar məhsul alarkən etiket məlumatlarını diqqətlə yoxlamalıdır.

“Mütləq şəkildə etiket məlumatlarının tam olmasına, istehsalçı şirkət haqqında ətraflı məlumatın verilməsinə, saxlanma şəraitinin göstərilməsinə diqqət edilməlidir. Daşınarkən, satış zamanı və evdə saxlanılarkən də bu qaydalara əməl olunmalıdır. Tərkibi və pH səviyyəsi haqqında məlumatlara da diqqət etmək vacibdir”.

Ekspert əlavə edib ki, günəş altında açıq şəkildə saxlanılan suların alınmaması daha məqsədəuyğundur. Dediyinə görə, əgər satış yerində temperatur yüksəkdirsə və sular açıq günəş altında saxlanılırsa, yaxşı olar ki, həmin məhsullar alınmasın:

"Gündəlik istifadə üçün daha az tutumlu sulara üstünlük verilməsi də daha məqsədəuyğundur. Çünki butulkanın qapağı dəfələrlə açılıb bağlandıqda su oksigenlə təmas edir və bu da tərkibində dəyişiklik yarada bilər”.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

25 May 2026