Məlum olduğu kimi, Azərbaycanda 16 yaş həddində olan uşaqlar üçün yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarında fərdi hesab yaradılması mümkün olmayacaq.
Sosial Tədqiqatlar Mərkəzinin apardığı son sorğuya görə, ölkədə 43% valideyn uşağının sosial şəbəkədə istifadəsinə nəzarət edə bilmir. Bu özü də çox narahatlıq doğuran bir məqamdır. Burada həmçinin mənfi fəsadların arasında psixoloji problemlər, təhsildən geri qalma, asılılıq və vaxt itkisi, eləcə də yuxusuzluq və görmənin zəifləməsi kimi məsələlər qeyd olunur.
Bundan başqa, məktəbyaşlı övladı olan ailələrin 64 faizində uşaqlar artıq sosial mediadan istifadə edir və hər 5 uşaqdan biri orta hesabla 5 saatdan çox sosial şəbəkədə vaxt keçirir. Bu, özlüyündə təbii ki, olduqca narahat edən bir statistikadır və istifadə olunan platformalar arasında Yutub, Vatsap və Tiktok platformaları üstünlük təşkil edir. Ona görə də, 16-18 yaş arası istifadəçilər üçün nəzarətli istifadə modeli tətbiq olunacaq. Bu yaş qrupunda hesab yaradılması yalnız qanuni nümayəndələrin razılığı ilə mümkün olacaq. Platformalar isə valideyn nəzarəti panelini təmin etməyə borclu olacaqlar. Onların üzərinə belə bir məsuliyyət qoyulacaq.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda təsdiqlənib. Qanun layihəsi rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərinin daha effektiv qorunması, sosial şəbəkə platformalarından təhlükəsiz istifadənin təmin olunması, habelə platformaların fəaliyyətinin hüquqi tənzimlənməsinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Layihə hazırlanarkən qabaqcıl beynəlxalq təcrübə təhlil edilib.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan media eksperti Azər Həsrət vurğulayıb ki, bu cür qanunların effektsiz olacağını deməyə tələsməməliyik.
Ekspert bildirib ki, qanun qəbul edilsin və tətbiqi ilə bağlı müvafiq təlimatlar verilsin, ondan sonra vəziyyətin necə dəyişəcəyini görəcəyik. Müsahibimiz hesab edir ki, belə qanunlar insanlara məsuliyyət gətirir. Dediyinə görə, məsuliyyətini dərk edən vətəndaş da mütləq qanunlar çərçivəsində yaşamalı olur:
“O baxımdan, belə bir qanunun qəbul edilməsi mərhələsindən sonra görəcəyik ki, həqiqətən də Azərbaycanda deyilən sahədə ciddi irəliləyiş var”.
Azər Həsrət: Həqiqətən də sosial media, xüsusən uşaqların mənəvi-psixoloji durumunu çox korlayır
Ekspertə görə, söhbət təkcə uşaqların özündən və onların davranışından getmir. “Uşaqlarla bağlı hansısa qanun qəbul ediləndə burada mütləq ata-anaların, himayədarların, yaxud digər böyüklərinin də məsuliyyəti müəyyənləşdirilir” deyən həmsöhbətimiz bu baxımdan, qanunun effektiv olacağını zənn edir.
“Heç kəs indidən atılan addımı gözdən salmağa çalışmasın. Çünki həqiqətən də sosial media, xüsusən uşaqların mənəvi-psixoloji durumunu çox korlayır. Uşaqlar faktiki olaraq çox ciddi zərər görürlər”, - deyə Azər Həsrət qeyd edib.
Aydın Baxış
Bakı 



