Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan zabitinin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.
Bakıvaxtı.az xəbər verir ki, nazir bu barədə Heydər Əliyev adına Hərbi İnstitutun Məzun Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı danışıb.
Zakir Həsənov qeyd edib ki, bu gündən etibarən məzunlar yalnız ali hərbi təhsil müəssisəsinin məzunu deyil, həm də Azərbaycan zabiti adını daşıyan şəxslər olurlar.
“Bu ad böyük şərəf olmaqla yanaşı, eyni zamanda böyük məsuliyyətdir. Azərbaycan zabiti Vətənə sonsuz sədaqətin, yüksək intizamın, qətiyyətin, peşəkarlığın və şəxsi nümunənin daşıyıcısı olmalıdır”, - deyə müdafiə naziri vurğulayıb.
Nazir bildirib ki, gənc zabitlər xidmətə başladıqları andan etibarən dövlətin, xalqın və ordunun etimadını doğrultmalı, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər.
Z.Həsənov əlavə edib ki, Azərbaycan zabiti yalnız hərbi biliklərlə kifayətlənməməli, eyni zamanda tabeliyində olacaq şəxsi heyətdə vətənpərvərlik, döyüş ruhu və intizam formalaşdırmalıdır.
Əli Hüseynov
Bakı 



