• Bakı 24° C

    1.84 m/s

  • USD - 1.7

    EUR - 1.9317

    RUB - 2.281

“İnsanlar artıq bu günün həqiqi mahiyyətini anlayırlar” - Sədr müavini

CƏMİYYƏT

25 Iyun 2026 | 09:33

“İnsanlar artıq bu günün həqiqi mahiyyətini anlayırlar” - Sədr müavini

Aşura günü ilə əlaqədar keçirilən qanvermə aksiyalarına maraq ildən-ilə artır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov bildirib.

Onun sözlərinə görə, bu il də Aşura günü münasibətilə ölkənin müxtəlif məscidlərində qanvermə aksiyaları təşkil olunub. Aksiyalar işğaldan azad edilmiş ərazilərdə yerləşən Ağdam Cümə məscidində və Şuşa məscidlərində də keçirilir.

Gündüz İsmayılov qeyd edib ki, artıq bir neçə ildir Azərbaycan İlahiyyat İnstitutu da bu humanitar aksiyaya ev sahibliyi edir. O bildirib ki, Azərbaycanda dini sahə üzrə ixtisaslı mütəxəssislər hazırlayan yeganə ali təhsil müəssisəsində belə bir aksiyanın keçirilməsi təsadüfi deyil.

Sədr müavini vurğulayıb ki, qanvermə aksiyasının təşkilində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan İlahiyyat İnstitutu, Qafqaz Müsəlmanları İdarəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu, TƏBİB, Səhiyyə Nazirliyi, Azərbaycan Könüllüləri, Gənclər Fondu, qeyri-hökumət təşkilatları və digər qurumlar fəal iştirak edirlər.

O bildirib ki, aksiyanın ilk saatlarından etibarən qan vermək istəyənlərin sayı kifayət qədər çox olub. Ötən illərin təcrübəsinə əsasən, gün ərzində müraciətlərin davamlı şəkildə artdığı müşahidə edilir.

G. İsmayılovun sözlərinə görə, Aşura günü keçirilən qanvermə aksiyalarında iştirak edənlərin sayının ildən-ilə artmasının əsas səbəblərindən biri insanların bu günün mahiyyətini daha düzgün dərk etməsidir. O qeyd edib ki, vətəndaşlar toplanan qanların talassemiya və hemofiliya xəstələri üçün istifadə olunacağını bildikləri üçün aksiyalara daha böyük həvəslə qoşulurlar.

“İnsanlar artıq Aşura gününün mahiyyətinin özünə xəsarət yetirməkdə deyil, ehtiyacı olan insanlara yardım göstərməkdə olduğunu anlayırlar. Xüsusilə xəstə uşaqların həyatına dəstək olmaq məqsədilə qanvermə aksiyalarına qoşulmaq bu günün fəlsəfəsinə daha uyğun yanaşmadır”, – deyə sədr müavini bildirib.

Gündüz İsmayılov əlavə edib ki, Aşura günü qanvermə aksiyalarına böyük maraq göstərilməsi Azərbaycan cəmiyyətinin humanist dəyərlərinin və yüksək mədəniyyətinin bariz göstəricisidir.

Aynur Babazadə


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Iyun 2026