Bacısını və anasını döydüyü üçün atasını 7 bıçaq zərbəsi ilə qətlə yetirən Ayxan Vəlizadənin məhkəməsi davam etdirilib.
Bakıvaxtı.az xəbər verir ki, "Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər dindirilib.
Şahid Sevinc Vəlizadə bildirib ki, hadisə həyat yoldaşı İftixar Vəlizadə qızını məktəbə aparıb qayıdandan sonra baş verib:
"İftixar gedəndə dedi ki, "Dayanın siz, qayıdanda ikinizlə - səninlə də, qızınla ciddi söhbətim olacaq". Qayıdıb gələndə çox qəzəbli idi. Məndən çay istədi, sonra qızımı çağırmağımı istədi. Çağırsam da qızım ondan qorxub yaxına gəlmədi, gedib otağında gizləndi. İftixar qəzəblənib otağın qapısını çırparaq içəri girdi. Vazanı qızımın başına atanda, qızım zərbədən yayındı. Mən mane olmaq istəyəndə, məni itələyib taxta ilə qızın başından, çiyin və belindən vurmağa başladı. Mən taxtanı ondan aldım. Bundan sonra mətbəxdən götürdütü bıçağı qızın kürəyinə vurmaq istəyəndə, tez bıçaqdan yapışdım. Bıçaq barmağımı kəsdi, qan barmaqlarımdan süzülməyə başladı. Oğlum məni belə görəndə elə bildi ki, İftixar məni bıçaqlayıb. İftixar bir əli ilə qızımın saçından tutaraq artırdı. Oğlum Ayxan onun bıçaq tutan əlindən yapışdı. Əlbəyaxalaşmada necə oldu bilmədim, bir də gördüm İftixar bıçaqlanıb, onu qan aparır. O bu halda güclə həyətə çıxdı. Ayxan ona kömək etmək üçün ardınca gedəndə onu yerdə qan içində yıxılmış vəziyyətdə gördü. Oğlum elə oradaca "102" və "103" xidmətlərinə zəng elədi. Yoldaşım qızımı oğlan qrup yoldaşları ilə söhbət edən görmüşdü, ona görə də qızım onun gözündə pis övlad idi. İftixar zərərli maddələr qəbul edirdi. Ata-anasına qarşı da çox sərt və qəddar idi".
Məhkəmədə şahid qismində Ayxan Vəlizadənin bacısı ifadə verib:
"Qrup yoldaşlarımla metroya doğru gedirdim. Taksi xidmətində olan atam təsadüfən orada olarkən mənim oğlan qrup yoldaşlarımla söhbətimi yanlış anladı. Əsəbi halda mənə əmr elədi ki, tez maşına əyləşim. Yol boyu durmadan pis sözlərlə məni təhqir edirdi. Gəldik evə. Atam anama "Bu da sənin tərbiyə etdiyin qız, onu oğlanlarla söhbət edəndə gördüm. İndi gedirəm, qayıdıb ikinizin də canını alacam". Atam qayıdanda əsəbi halda otağıma gəldi, məni əxlaqsız , pis söyüşlərlə söydü. Əlinə keçən vazanı mənə atanda, yastığı qabağa tutdum deyə mənə dəymədi. Bu onu daha da qəzəbləndirdi. Saçımdan yapışıb sürüməyə başlayanda, o biri əlində tutduğu taxta ilə bədənimin müxtəlif yerlərinə vurmağa başladı. Anam güclə taxtanı onu əlindən aldı. Atam sonra gedib gətirdiyi bıçaqla belimdən vurmaq istəyəndə, anam özünü qabağa verib bıçaqdan tutdu. Bu zaman anamın əli kəsildi, əlini qan aparmağa başladı. Bunu görən Ayxan elə bildi ki, atam anamı bıçaqlayıb. Müdaxilə etmək istəyəndə bu bədbəxt hadisə baş verdi. Qardaşımın atamı öldürmək niyyəti yox idi, o sadədə bizi müdafiə etmək istəmişdi. Atamın pis vərdişləri var idi. O, narkotik vasitələrdən istifadə edirdi eyni zamanda içki içirdi".
Məhkəmənin növbəti iclası avqustun 12-nə təyin olunub.
Qeyd edək ki, hadisə 2025-ci ilin dekabrın 11-də Sabunçu rayonunun Ramana qəsəbəsi "Gülçülük Sovxozu" ərazisində baş verib.
İttiham aktında göstərilib ki, həmin gün saat 21 radələrində Ayxanın atası, 1981-ci il təvəllüdlü İftixar Vəlizadə qızı Ləmanı dərsdən qayıdarkən yolda bir oğlanla gördüyünü bəhanə edərək döyüb, hətta evin mətbəxindən bıçaq götürərək ona xəsarət yetirmək istəyib. Anası Sevinc Vəlizadə buna mane olmaq istəyəndə atası ona da xəsarət yetirir. Ayxan atasının bacısına və anasına yetirdiyi xəsarətlərin görüb onun bu əməllərinin qarşısını almağa çalışır. Və o, atası əlbəyaxa olur və bıçağı onun əlindən alaraq zərərsizləşdirir.
İstintaqla müəyyən edilib ki, buna baxmayaraq, Ayxan atası İftixar Vəlizadənin bu qanunsuz və aqressiv hərəkətlərini davam etdirməsindən hiddətlənərək ondan qisas almaq niyyəti ilə qəsdən öldürmək qərarına gəlib.
O, həmin bıçaqla atasının bədəninin müxtəlif nahiyələrinə ümumilikdə, 7 bıçaq zərbəsi vuraraq qətlə yetirib.
Bununla da, Ayxan Vəlizadə barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Bakı 



