Özbəkistanın məşhur "Əndican rəqsi" dünyada milli rəqsin ən kütləvi ifası kimi Ginnesin Rekordlar Kitabına daxil edilib. Əndican şəhərində keçirilən tədbirdə 20 min nəfər eyni vaxtda bu rəqsi ifa edib.
Bakıvaxtı.az Oxu.az-a istinadən xəbər verir ki, "Əndican rəqsi" sürətli tempi və ifadəli əl hərəkətləri ilə seçilən özbək xalq rəqsi, eləcə də eyniadlı musiqi melodiyasıdır. Əvvəllər əsasən kişilər tərəfindən ifa olunan bu rəqs zamanla qadınlar arasında da geniş populyarlıq qazanıb.
"Özbək milli rəqs sənətinin tarixində möhtəşəm mədəni hadisə baş verib. Məşhur "Əndican rəqsi" rəsmi olaraq Ginnesin Rekordlar Kitabına daxil edilib", - məlumatda bildirilib.
Rekord sayda iştirakçı rəqsi Əndican şəhərində yerləşən Babur Arena stadionunda ifa edib.
Rəqsin kütləvi ifası Əndicanın 2026-cı il üçün türk dünyasının mədəniyyət paytaxtı elan olunması ilə eyni dövrə təsadüf edib. Ginnes Rekordları təşkilatının rəsmi nümayəndəsi prosesi şəxsən izləyib və tədbirin bütün tələblərə uyğun keçirildiyini təsdiqləyib.
Bunun nəticəsində rekord rəsmi şəkildə qeydə alınıb.
Bakı 



