Çexiya Konstitusiya Məhkəməsi prezident Petr Pavelin Ankarada keçiriləcək NATO sammitində iştirakının təmin olunması barədə qərar qəbul edib.
Bakıvaxtı.az xəbər verir ki, məhkəmə prezidentin səlahiyyətlərlə bağlı hökumətlə yaranmış mübahisə çərçivəsində etdiyi müraciəti təmin edərək, Nazirlər Kabinetini onu rəsmi Çexiya nümayəndə heyətinin tərkibinə daxil etməyə və səfərlə bağlı bütün təşkilati məsələləri həll etməyə məcbur edib.
Qərara əsasən, hökumət prezidentin akkreditasiyası, səfərin hazırlanması və digər inzibati-təşkilati məsələlərin həllini təmin etməlidir. Bununla yanaşı, prezidentlə hökumət arasında xarici siyasət sahəsində səlahiyyət bölgüsünə dair əsas konstitusion mübahisə üzrə yekun qərar daha sonra veriləcək.
Mübahisəyə səbəb hökumətin qarşıdan gələn NATO sammiti üçün formalaşdırdığı rəsmi nümayəndə heyətinə prezidenti daxil etməməsi olub. Hökumət nümayəndə heyətinə başçılığı baş nazirə və kabinet üzvlərinə həvalə edib. Prezident Petr Pavel isə dövlətin beynəlxalq səviyyədə təmsil olunmasının onun konstitusion funksiyalarından biri olduğunu bildirərək bu qərara etiraz edib.
Məhkəmə qərarında qeyd edib ki, Çexiyanın NATO-ya üzv olduğu vaxtdan bəri keçirilən sammitlərdə prezidentin iştirak etməsi formalaşmış praktikadır və əksər hallarda dövlət başçısı bu tədbirlərdə iştirak edib.
Hakimlər həmçinin sammitə hazırlıq müddətinin məhdud olduğunu, akkreditasiya prosesinin vaxt tələb etdiyini nəzərə alaraq təxirəsalınmaz qərarın qəbul edilməsinin vacibliyini vurğulayıblar. Məhkəmənin fikrincə, əks halda sonrakı araşdırma praktiki əhəmiyyətini itirə bilər.
Bununla belə, məhkəmə bildirib ki, hazırkı qərar yalnız prezidentin sammitdə iştirakının təmin olunmasına yönəlib və xarici siyasət səlahiyyətlərinin bölgüsü ilə bağlı əsas məsələ ayrıca icraat çərçivəsində araşdırılacaq.
Bakı 



