Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun son illərdə əldə etdiyi uğurların ölkənin hərbi gücünü bütün dünyaya nümayiş etdirdiyini deyib.
Bakıvaxtı.az xəbər verir ki, nazir bu fikirləri Heydər Əliyev adına Hərbi İnstitutun Məzun Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı səsləndirib.
Zakir Həsənov bildirib ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun maddi-texniki bazası gücləndirilib, şəxsi heyətin peşəkarlığı artırılıb, hərbi təhsil sistemi müasirləşdirilib.
Nazirin sözlərinə görə, bu diqqət və qayğının nəticəsi olaraq Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrilib.
“2020-ci ildə Vətən müharibəsində qazandığımız tarixi Zəfər, 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ordumuzun yüksək peşəkarlığını, şəxsi heyətin Vətənə sədaqətini, komandanlığın qətiyyətini və xalq-ordu birliyini bütün dünyaya nümayiş etdirdi”, - deyə müdafiə naziri vurğulayıb.
Əli Hüseynov
Bakı 



