İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqının Bakıda keçirilən XX Konfransı təkcə parlament diplomatiyasının növbəti görüşü kimi deyil, həm də Yaxın Şərqdə dəyişən geosiyasi reallıqlar fonunda Azərbaycanın artan siyasi çəkisinin nümayişi kimi qiymətləndirilə bilər.
Konfrans çərçivəsində İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibafın Bakıya səfəri və Prezident İlham Əliyevlə keçirdiyi görüş, həm ikitərəfli münasibətlər, həm də İslam dünyasında yeni əməkdaşlıq platformalarının formalaşması baxımından diqqət çəkən məqamlarla yadda qaldı.
Son aylarda Yaxın Şərqdə baş verən hərbi gərginliklər, İranın üzləşdiyi təhlükəsizlik çağırışları və regionda diplomatik balansın yenidən formalaşması fonunda Bakıda səsləndirilən mesajlar Azərbaycanın yalnız regional deyil, eyni zamanda İslam dünyasının siyasi dialoq məkanlarından birinə çevrildiyini göstərir.
Azərbaycanın İƏT çərçivəsində fəallığı yeni mərhələyə qədəm qoyur. Rəsmi Bakı uzun illərdir təşkilat daxilində yalnız iştirakçı ölkə kimi deyil, həm də İslam həmrəyliyinin təşviqinə töhfə verən dövlət kimi çıxış edir. Parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, iqtisadi və humanitar layihələrin dəstəklənməsi, İslam dünyasında ortaq mövqelərin formalaşdırılması Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir. Məhz bu siyasətin nəticəsi olaraq ölkə 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatına sədrlik edəcək. Bu isə Azərbaycanın təşkilat daxilində siyasi nüfuzunun daha da artacağını göstərən mühüm göstəricidir.
İƏT ilə Azərbaycanın münasibətlərində Qarabağ məsələsi xüsusi yer tutur. Təşkilat uzun illər ərzində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən qətnamələr qəbul edib, Ermənistanın işğal siyasətini pisləyib və bu məsələdə Azərbaycanın haqlı mövqeyini beynəlxalq platformalarda müdafiə edib. Xüsusilə İƏT Təmas Qrupu vasitəsilə Azərbaycanın diplomatik mövqeyinin gücləndirilməsi mühüm siyasi dəstək mexanizmi rolunu oynayıb. İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərinin İƏT tərəfindən yüksək qiymətləndirilməsi də bu əməkdaşlığın davamlı xarakter daşıdığını göstərir.
Qarabağ mövzusu yalnız siyasi deyil, həm də dini-mədəni aspektdən təqdim olunur. Ermənistanın işğalı dövründə Azərbaycanın dini irsinə vurulan zərər İslam dünyasında geniş rezonans doğurmuşdu. 67 məsciddən 65-nin dağıdılması, dini abidələrin təhqir olunması uzun illər İƏT sənədlərində xüsusi vurğulanıb. Hazırda həmin məscidlərin, türbələrin və digər tarixi abidələrin bərpası Azərbaycanın təkcə milli deyil, ümumislam irsinin qorunmasına verdiyi töhfə kimi təqdim edilir. Bu yanaşma Bakının İslam aləmində mədəni irsin qoruyucusu kimi mövqeyini də gücləndirir.
Konfransda diqqət çəkən digər istiqamət islamofobiya ilə mübarizə idi. Azərbaycan son illər beynəlxalq platformalarda müsəlmanlara qarşı nifrət çağırışlarının, dini ayrı-seçkiliyin və müqəddəs dəyərlərin təhqir olunmasının qlobal təhlükə yaratdığını ardıcıl şəkildə gündəmə gətirir. Rəsmi Bakı hesab edir ki, İslamın terror və ekstremizmlə eyniləşdirilməsi həm dini dözümlülüyə, həm də beynəlxalq təhlükəsizliyə zərbə vurur. Bu baxımdan Azərbaycanın bəzi Qərb siyasi dairələrinin, eləcə də ayrı-ayrı Avropa institutlarının İslama münasibətdə nümayiş etdirdiyi selektiv yanaşmaları tənqid etməsi ölkənin xarici siyasətində dəyərlər diplomatiyasının da mühüm yer tutduğunu göstərir.
Prezident İlham Əliyevlə Məhəmməd Baqir Qalibaf arasında keçirilən görüş isə yalnız parlament diplomatiyası ilə məhdudlaşmadı. Dövlət başçısının İran xalqının son hərbi qarşıdurmalar zamanı yaşadığı itkilərlə bağlı başsağlığı verməsi, Azərbaycanın müharibə dövründə İranın yanında olduğunu vurğulaması və bölgədə sülhün bərqərar olmasını arzulaması iki ölkə arasında münasibətlərin humanitar və siyasi ölçüsünü nümayiş etdirdi.
Qalibafın cavab olaraq Azərbaycanın çətin günlərdə İrana göstərdiyi dəstəyi xüsusi qeyd etməsi təsadüfi deyildi. Onun “İran dostunu və düşmənini tanıdı” ifadəsi əslində Tehranın son regional hadisələr fonunda xarici siyasət prioritetlərini yenidən qiymətləndirdiyini göstərən siyasi mesaj idi. Azərbaycanın bu kontekstdə dost ölkə kimi təqdim olunması iki dövlət arasında son aylarda müşahidə olunan müsbət dinamikanın davam edəcəyinə işarə kimi qiymətləndirilə bilər.
Görüş zamanı nəqliyyat layihələrinin də ön plana çıxarılması diqqət çəkdi. Ağbənd–Kəlalə körpüsünün başa çatdırılması və İran ərazisindən keçən Araz dəhlizinin inkişafı regionda yeni logistika imkanları yaradır. Bu layihələr təkcə Azərbaycan və İran arasında ticarət dövriyyəsinin artmasına deyil, eyni zamanda Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının inteqrasiyasına da xidmət edir. Beləliklə, siyasi dialoq iqtisadi əməkdaşlıqla tamamlanır və münasibətlər daha dayanıqlı xarakter alır.
Bakıda keçirilən İƏT Parlament İttifaqının konfransı göstərdi ki, Azərbaycan artıq yalnız regional aktor deyil. İslam dünyasının müxtəlif siyasi mərkəzləri arasında dialoqu təşkil edən, münaqişədən sonrakı bərpa modelini nümayiş etdirən, islamofobiyaya qarşı beynəlxalq platformalarda təşəbbüslərlə çıxış edən və eyni zamanda regional nəqliyyat layihələrinin əsas iştirakçılarından biri kimi çıxış edir.
2027-ci ildə İƏT-ə sədrliyin Azərbaycana keçməsi bu prosesin məntiqi davamı olacaq. Əgər Bakı bu dövrdə siyasi həmrəyliyi iqtisadi əməkdaşlıq və təhlükəsizlik gündəliyi ilə birləşdirə bilsə, Azərbaycan təkcə Cənubi Qafqazın deyil, bütövlükdə İslam dünyasının ən fəal diplomatik mərkəzlərindən birinə çevrilə bilər.
Züriyə Qarayeva
Bakı 



