Milli Məclisin Aqrar siyasət komitəsində müzakirəyə çıxarılan “Balıqçılıq haqqında” yeni qanun layihəsinə əsasən, normativ hüquqi aktların tələblərinə cavab verən balıqçılıq obyektləri ticarət dövriyyəsinə daxil edilə biləcək.
Bakıvaxtı.az xəbər verir ki, layihədə qeyd olunur ki, balıq məhsulları “Qida təhlükəsizliyi haqqında” qanuna uyğun qablaşdırılmalı, etiketlənməli və baytarlıq sənədləri ilə müşayiət olunmalıdır. Eyni zamanda, balıq və digər su bioresurslarının mənşəyi, növü, çəkisi, miqdarı və digər məlumatları aidiyyəti qurumun informasiya sisteminə daxil ediləcək.
Qanun layihəsinə görə, satış yalnız Qida Təhlükəsizliyi Reyestrinə daxil edilmiş bazar, yarmarka, mağaza və digər xüsusi ayrılmış satış məntəqələrində həyata keçiriləcək. Balıq məhsullarının idxal və ixracı da müəyyən edilmiş qaydalara uyğun tənzimlənəcək.
Sənəddə bildirilir ki, bu mexanizmlər balıq məhsullarının dövriyyəsində şəffaflığın artırılmasına, qida təhlükəsizliyinin təmin olunmasına və bazar nəzarətinin gücləndirilməsinə xidmət edəcək.
Əli Hüseynov
Bakı 



