“AzParking” mobil tətbiqinin yenilənmiş versiyası istifadəyə verilib.
Bakıvaxtı.az xəbər verir ki, yenilənmiş versiyada qeydiyyat, sessiya idarəetməsi və ümumilikdə istifadəçi təcrübəsini daha rahat edən bir sıra yeni funksionallıqlar əlavə olunub.
Məlumata görə, yenilənmə çərçivəsində tətbiqin əsas funksiyaları yenidən işlənib, istifadəçilər üçün çətinlik yaradan bir sıra proseslər sadələşdirilib, eyni zamanda yeni texniki imkanlar inteqrasiya olunub. Bildirilib ki, aparılan dəyişikliklərin əsas məqsədi parklanma prosesini daha aydın, rahat və operativ etməkdir. Yeniliklər istifadəçilərdən daxil olan müraciət və təkliflər, həmçinin gündəlik istifadə təcrübəsinin təhlili əsasında hazırlanıb.
Yenilənmiş versiyada təqdim olunan əsas dəyişikliklər sırasında mygov və SİMA inteqrasiyası vasitəsilə daha rahat qeydiyyat və identifikasiya prosesi, təkmilləşdirilmiş bildirişlər bölməsi, şikayət və təkliflərin tətbiq üzərindən daha sürətli göndərilməsi funksiyası, xəritə əsaslı istifadənin genişləndirilməsi, aktiv parklanma sessiyalarının tətbiq daxilində real vaxt rejimində göstərilməsi, eləcə də bir hesab üzərindən bir neçə şəxs üçün fərdi parklanma talonuna müraciət imkanı yer alır.
Qeyd olunub ki, həyata keçirilən yenilənmə yalnız vizual dəyişikliklərlə məhdudlaşmır. Belə ki, tətbiqin istifadə məntiqi və istifadəçi axınları da yenidən optimallaşdırılıb. Məqsəd sürücülərin gündəlik parklanma əməliyyatlarını daha sürətli, rahat və minimum addımla həyata keçirməsini təmin etməkdir.
“AzParking” nümayəndəsinin sözlərinə görə, tətbiqin inkişafı mərhələli şəkildə davam etdiriləcək. Növbəti mərhələlərdə istifadəçi təcrübəsini daha da təkmilləşdirmək məqsədilə tətbiqə xarici vətəndaşların qeydiyyatı, xarici bank kartları ilə ödəniş imkanları, həmçinin xarici dövlət qeydiyyat nişanlı avtomobillərin əlavə edilməsi funksiyalarının inteqrasiyası da nəzərdə tutulur.
Bakı 



