Azərbaycan Beynəlxalq Bankında yaranmış problem, kartlardan pul vəsaitlərinin silinməsi ictimaiyyətdə ciddi narahatlığa səbəb olub.
Bakıvaxtı.az bildirir ki, “AccessBank”, “Yelo Bank”da da bənzər problemlər yaşanıb. Rəsmi açıqlamaya görə, problem banklararası hesablaşma fayllarının emalı zamanı “Azərikard”dan asılı olmayan texniki səbəbdən baş vermiş təkrarlanmalarla bağlı yaranıb. ABB-nin yaydığı məlumatda isə “üçüncü tərəfli” müdaxilədən söz açılıb. Günün sonuna dorğu problem həll edilib və bank hesablarından çıxılan vəsaitlər geri qaytarılıb.
Bank sahəsi üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında deyib ki, dünənki problem ABB və digər banklarda yox, Azərikard Prossesinq Mərkəzində olub.
Ekspert vurğulayıb ki, nəticə etibarilə Azərikard Prossesinq Mərkəzinin xidmət göstərdiyi bütün banklarda da problemlər yaranıb:
“Bu, haker hücumu da ola bilər. Yaxud təhlükəsizlik sisteminin qaydasında olmamasından da qaynaqlana bilər. Yəni səbəblərin müxtəlif olması mümkündür”.

Əkrəm Həsənov: Bu, təhlükəsizlik sisteminin qaydasında olmamasından da qaynaqlana bilər
“Problem olub və sistemdə təkrarlanma gedib” deyən müsahibimiz qeyd edib ki, bu da texniki qüsurdur. Dediyinə görə, ancaq əlbəttə, istənilən halda problem kimdə, yəni hansı bankda baş verirsə, buna görə o da məsuliyyət daşıyır:
“Amma problem bildiyim qədər artıq həllini tapıb. Mənim öz kartımda da dünən vəsait azalmışdı, sonradan bərpa olundu, pul yerinə qayıtdı”.
Aydın Baxış
Bakı 



