Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Milli Məclisdəki hesabat çıxışında ötən dövrün yekun nəticələrini diqqətə çatdırıb.
Bakıvaxtı.az-ın xəbərinə görə, sədr qeyd edib ki, əldə olunan göstəricilər ölkədə gender bərabərliyi siyasətinin artıq sistemli dövlət idarəetmə modelinə tam inteqrasiya olunduğunu sübut edir.
Hesabat dövründə aidiyyəti qurumlar arasında institusional koordinasiya güclənib, insan kapitalı keyfiyyətcə yeni mərhələyə qədəm qoyub, ictimai və rəqəmsal mühit isə daha inklüziv xarakter alıb.
Çıxışda xüsusi olaraq vurğulanıb ki, bu prosesin ən mühüm xüsusiyyəti ölkədəki müsbət dəyişikliklərin yalnız hüquqi və institusional çərçivədə qalmaması, eyni zamanda sosial davranış və mədəniyyət səviyyəsində də real əksini tapmasıdır. Komitə sədri bu mühüm prosesin fəal iştirakçısı olan Milli Məclis rəhbərliyinə və millət vəkillərinə gündəlik və davamlı səylərinə görə təşəkkürünü bildirib.
Sonda insan kapitalının ahəngdar inkişafı naminə birgə addımların gələcəkdə daha inklüziv, dayanıqlı və innovativ cəmiyyət quruculuğuna böyük töhfə verəcəyinə əminlik ifadə olunub.
Zeynəb Rzayeva
Bakı 




