Həqiqətən də çox acınacaqlıdır. Görün, ilin-günün hansı çağı gəlib ki, Anar (Azərbaycan çapında müəyyən qədər də olsa istedadı, sənəti olan Anar!) Elza Seyidcahanın şeirlərinin müdafiəsinə qalxıb. Akademik Nizami Cəfərov (akademik, dilçi-alim!) Elza Seyidcahanın şeirləri haqqında (özünün dediyinə görə) rəy verib…
Sənət, ədəbiyyat adına adamın içində vicdanı titrəyir…Vicdanı!
Elza Seyidcahan musiqi sahəsində müəyyən istedada malik ola bilər. Axı, bu, onun mətn yaratmağı, ədəbiyyat olmağı demək deyil…Bu mətləbə varmaq beləmi çətindi?!
Doğrudu, bu məsələ ilə bağlı öncəki qeydlərimdə də bildirmişəm ki, Elza Seyidcahanın Yazıçılar Birliyinə üzv qəbul olunması AYB rəhbərliyinin səriştəsiz fəaliyyətinin mahiyyətinin bir daha təstiqidir. Bu öz yerində…
Amma burada bir rəzil durum da odur ki, bu gün atılan bir səhv addıma dünən atılan hər hansısa bir səhv addımla (və ya addımlarla!) bəraət qazandırırlar. Xüsusilə də sədr olaraq Anar müəllim! Belə ki, dəfələrlə qeyd edib (edir!) ki, bəs Yazıçılar Birliyinin iki mindən çox üzvü var, bəs, güya onlar hamısı dahidimi və ya onlar hamısı yaza bilirmi, flan…
Buradan soruşuram:
Ay hörmətli AYB sədri, o iki min üzvü bəs, kim qəbul edib o quruma? Bəlkə, sizin (həqiqətən də!) onların qəbulundan xəbəriniz yoxdu?! Yoxsa, o ikimin dediyiniz üzvü Yazıçılar Birliyinin siyahısına (səriştəsiz fəaliyyətinizlə!) zamanında topladınız ki, bu gün də Elza Seyidcahanlara onlarla bəraət qazandırasınız…
Qaradan artıq boyanın adı nədir, Anar müəllim?!
Emil Rasimoğlu
şair,
Azərbaycan Yazıçılar Birliyinin üzvü