• Bakı 14° C

    7.53 m/s

  • USD - 1.7

    EUR - 1.7938

    RUB - 1.6915

Bir dəqiqəlik sükut və ya polkovnikin faciəsi... - Emil Rasimoğlu yazır
YAZARLAR
29 Dekabr 2021 | 11:32

Bir dəqiqəlik sükut və ya polkovnikin faciəsi... - Emil Rasimoğlu yazır

Emil Rasimoğlu

Rayonda yaşadığımız dövrlər idi. Hələ orta məktəbdə oxuyurdum…

Kəndimizin nümunəvi şagirdlərindən olmuş şəxslərdən söz düşərkən hazırlıq müəllimlərimin çəkdiyi adlar sırasında iki adı tez-tez eşidirdim: Seymur və Fərman Cəfərov qardaşları. Zaman keçdi...Bu adların sahiblərini daha yaxından tanıdım. Tanıdım və bir daha əmin oldum ki, kədər ən çox uğura can atan adamların ürəyindən yapışır...və ya əksinə; Ürəyindən kədər yapışanlar ən çox uğura can atır.

Belə ki, müəllim ailəsində doğulub yaşadığı cəmiyyətin örnək yerinə çevrilən bu qardaşların üzünə tale uşaqlıq illərindən öz sərt silləsini çəkmişdi...və nə təəssüf ki, təkcə ana hənirtisi, ana səsi ilə uzaqdakı ağ işığa doğru böyüməyə davam etmişdilər. Həm də heç 40 yaşına çatmamış dünyadan köçən bir atanın məzarına baxa-baxa...

 ...90-cı illərdən hərb sahəsini özünə həyat yolu, amal, məslək seçən, bu istiqamətdə ali təhsil, ali rütbə alan Cəfərov qardaşları illər keçdikcə kəndimizdə sanki bir hərb mərhələsinə, istinad nöqtəsinə çevrildilər. Çox yaxşı xatırlayıram. Orta məktəbi bitirən nə qədər gənc var idi ki, bu qardaşlara baxıb taleyini silaha, səngərə bağladı, onların sorağı ilə zabitlik sevdasına düşdü. Məhz bu qardaşların da qucaq açdığı, istiqamət verdiyi şəxslər az olmadı...

...Çox qəribədi. Kədər bəzən insanı ömrünün axırına qədər tərk etmir, eləcə xəlvətdə bir fürsət anını gözləyir, sanki macal axtarır. Macal axtarır ki, cücərib yenidən amansız ağrı-acıya, hadisəyə dönsün. Eynilə Cəfərov qardaşlarının alın yazısındakı kimi...

...Min əzab-əziyyətlə Türkiyənin Milli Müdafiə Universitetinin Quru qoşunları Hərbi Məktəbində (Kara Harp Okulu) təhsil al, illərlə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə fəaliyyət göstər, polkovnik-leytenant rütbəsinə yüksəl...və 46 yaşında ölüm sənin ürəyindən yapışsın. Yapışsın və uğurlarınla sevindirdiyin anana tabutunu göstərsin.

Həyat düşündüyümüz qədər də işıqlı deyilmiş. Oğullar bəzən ataların ölüm taleyini təkrarlayır, hörmətli Seymur Cəfərov-bu dünyanın yola saldığı adam! Bu məqamda Səməd Vurğunun şeirindən bir bəndi xatırlayıram:

Ölüm sevinməsin qoy! Ömrünü vermir bada!

El qədrini canından daha əziz bilənlər,

Şirin bir xatirətək qalacaqdır dünyada

Sevərək yaşayanlar, sevilərək ölənlər.

Məkanın uca olsun, cənab polkovnik!

Emil Rasimoğlu

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü


SON XƏBƏRLƏR