• Bakı 10° C

    2.38 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

Şərif Ağayarın ədəbi poçtalyonçuluğu - Emil  Rasimoğlu yazır
YAZARLAR
25 Yanvar 2022 | 12:35

Şərif Ağayarın ədəbi poçtalyonçuluğu - Emil  Rasimoğlu yazır

Emil Rasimoğlu

Bugünlərdə yazıçı Şərif Ağayarın yazdığı "Dilək ağacı" adlı yeni hekayəsini oxudum. Hekayə son dərəcə zəif, ədəbi təfəkkür potensialı baxımından bir inşa yazısı, ilk qələm təcrübəsi səviyyəsindədir desəm, qətiyyən yanılmaram.

Bəs istedad, novatorluq, bəşəri ideya, hadisəyə özünəməxsus baxış, yanaşma tərzi...harada qaldı? Bu kimi faktorlardan kənar olduqda müəllif sadəcə yazı müstəvisində informasiya ötürücüsü rolunu...və ya kütlə tədqiqatçısı missiyasını daşımırmı? Təbii ki, bu, mütləq mənada belədir- daşıyır.

...Şərif Ağayarın sözügedən hekayəsində cəmiyyət hadisəsi ilə yanaşı cəmiyyət emalatxanası var. Bunlar çox incə mətləbdir... Ümumiyyətlə, istənilən bir ədəbi mətnin arxa fonunda, alt qatında cəmiyyət hadisəsinin varlığının olması sənət üçün təbii qarşılansa da cəmiyyət emalatxanasının olması məğlubiyyətdir, yaradıcı şəxsin "ölümü"dür. Sanki həmin mətndə kütlə diqtəsi yaradıcı Şərif Ağayarı qətlə yetirib, qeyri-ixtiyari olaraq yazı masasına sahiblənib...və ya ondan poçtalyon obrazı formalaşdırıb. Yəni ki, bir az da açıq desək, müharibədən gələn bir "qara xəbər"i sahibinə necə varsa eləcə də çatdıran poçtalyonla bu hekayədəki Şərif Ağayarın heç bir fərqi yoxdur.

Hər ikisi körpü funksiyasındadır. Dediyim kimi, bəs kreativlik necə oldu? ...Mövcud mətnə qısa ekursk etsək, şahidi olarıq ki, hekayə xüsusən müharibə illəri...müharibədən yoldaşı qayıtmayan qadın...qadın ehtirası...kişi ilahiliyi, müqəddəsliyi...ətraf mühitin bu mənzərəyə mental münasibəti kimi köhnəlmiş, üstünü toz basmış fraqmentlərdən, epizodlardan ibarətdir. Belə demək mümkünsə, tanış müstəvi, yorucu rənglər... Qeyd etdiyim o fraqmentlərin içində qadının özünü nəzir deməsi (hansı ki, peyğəmbərin oğlunu qurban deməsi faktorunu unutmamalıyıq!), kişinin dilək ağacına çevrilməsi kimi bir neçə kiçik nüans var ki, müəllif hekayəni bir başqa tərzdə işləmiş, yazmış olsaydı bəlkə də həmin nüanslar mətndə keyfiyyət olaraq, özəl, mühüm amil hesab oluna bilərdi. İndiki halda sadəcə kiçik detallardı. Həm də çox kiçik...

P.S: Şərif Ağayarın bu mətndəki istedadsızlığı, eləcə də mənim mövcud fikirlərim təbii ki, onun ümumi yaradıcılığına kölgə sala bilməz...


SON XƏBƏRLƏR