• Bakı 14° C

    7.53 m/s

  • USD - 1.7

    EUR - 1.7938

    RUB - 1.6915

Şahbaz Xuduoğlunun gücsüzlüyü, Əlisa Nicatın qurbanlıq kitabları... - Emil Rasimoğlu yazır 
YAZARLAR
13 Dekabr 2022 | 12:44

Şahbaz Xuduoğlunun gücsüzlüyü, Əlisa Nicatın "qurbanlıq" kitabları... - Emil Rasimoğlu yazır 

Emil Rasimoğlu

Günlər öncə yazıçı Əlisa Nicatın aktuallaşan durumuna olan münasibətləri yetərincə seyr etdim...Təbii ki, bu seyrlərdən dolayı öz deyəcəklərim də var...və keçim mətləbə.

Doğrudur, Şahbaz Xuduoğlu bir yazıçının acınacaqlı durumunu ictimaiyyətləşdirdi (sağ olsun!) amma onun həlli yolunu Əlisa Nicatı fərdləşdirməkdə, yazıçı kontekstindən çıxartmaqda tapdı. Yəni məsələnin əsas mahiyyətinin fərqinə varılmasında, üzə çıxarılmasında...gücsüz oldu. Təbii ki, burada o gücsüzlük, iradəsizlik tək Şahbaz Xuduoğluda yox, elə Əlisa Nicatın özündən tutmuş bu məsələni müzakirə edən (az sayda şəxslər istisna olmaqla) demək olar hər kəsdə müşahidə olundu.

Əslində, Əlisa Nicatın mənzərəsi bir faciənin (özü yox!) simptomu idi. Şahbaz Xuduoğlu (və müəyyən ədəbi, ictimai çevrə) bəs, neylədi? Həmin simptomu yaradan faciəni yox, simptomun özünü aradan qaldırdı ki...bu da müvəqqətidir. Fərz edin, qan-damar sistemində problemi olan bir adamın təzyiqi yüksəlir. Burada təzyiqin tənzimlənməsinə qarşı atılan addımlar yalnız müvəqqəti rahatlığa xidmət edəcək, problemin aradan qalxmasına yox.

Bəs, Əlisa Nicstın mənzərəsinin fonunda nə dayanırdı? Təbii ki, bir ölkədə yazıçıya, sənətkara müəyyən laqeydlik...və o laqeydliyə səbəb olan amillər! Bir az da dəqiq desək dövlətin yazıçıya, sənət adamına olan qayğısının bəs qədər olmaması, bu azmış kimi, göstərdiyi o az qayğının da doğru ünvanlara, öz sahibinə düzgün şəkildə çatdırılmaması...

Məsələ, bu istiqamətdə aktuallaşmalı, müzakirə olunmalı, həllini tapmalı idi. Amma olmadı! Səbəbi isə bir daha deyirəm, iradəsizlik, gücsüzlük.

Az öncə də qeyd etdim. Bu məsələdə Əlisa Nicatın da bir yazıçı kimi iradəsi necə deyərlər, əlindəki bir tikə çörəyi aşa bilmədi. Əgər aşsaydı o durumunun aktuallaşmasını alqışlayardı...amma fərdi formada- bu şəkildə həllindən imtina edib, öz vəziyyətini ölkədə yazıçı yaşamı ilə, yazıçıya olan diqqətlə əlaqələndirib problemin bu yöndə çözülməsinə çalışardı, can atardı...hətta tələb edərdi! Yoxsa ki...

...və Əlisa Nicat bilməli idi ki, kitabı oxumaq üçün alarlar, yardım üçün yox! Kitabı oxumaq üçün imzalayarlar, yardım üçün yox! Yardım üçün alınan, imzalanan kitabın taleyi də...elə müəllifinin taleyindən geri qalmayacaq.

Əzizlərim, bu gedişlə məgər bu ölkədə Şərif Ağayarlar, Pərviz Cəbrayıllar, Salam Sarvanlar, Kənan Hacılar...və daha kimlər, kimlər...sabahın Əlisa Nicatları deyillərmi? Hətta bəlkə bu günün Əlisa Nicatlarıdır, nəyin ki, sabahın!..Sadəcə görmək lazımdı! Dövlət olaraq, məsul qurum olaraq, səlahiyyətli şəxs olaraq...görmək lazımdır.

P.S:

Bir də ki, yazıçı, şair, sənətkar...gərək ilk öncə özü özünə fərd olaraq sahib çıxmağı bacara. İradəsi ilə (!)...aydınlığı ilə (!)...dərki ilə (!)...bacara! Təəssüf ki, bu nüanslar əksəriyyətdə yoxdur. Məhz o yoxluqdan dolayı yaranan mənzərə də göz önündə...

Bakıvaxtı.az


SON XƏBƏRLƏR