Naxçıvanla bağlı son günlər verilən mesajlar və atılan addımlar diqqət çəkir. Muxtar respublikanın təhlükəsizliyinin təmin olunması, hərbi imkanların gücləndirilməsi və regiondakı geosiyasi proseslər fonunda Naxçıvanın strateji əhəmiyyəti yenidən gündəmə gəlib.
Prezident İlham Əliyevin Naxçıvana səfəri zamanı verdiyi mesajlar da bu istiqamətdə mühüm müzakirələrə səbəb olub. Səfər çərçivəsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlılarına döyüş bayrağının təqdim edilməsi, hərbi texnikanın nümayiş etdirilməsi və müdafiə məsələlərinin müzakirəsi diqqət çəkən məqamlar sırasında olub.
Bakıvaxtı.az xəbər verir ki, Globalinfo.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Prezident İlham Əliyevin Naxçıvana səfəri bir sıra mühüm mesajlarla yadda qalıb.
Ekspertin sözlərinə görə, müdafiə naziri Zakir Həsənov, Baş Qərargah rəisi Kərim Vəliyev və Əlahiddə Ümumqoşun Ordusunun komandanı Kənan Seyidovun Prezidentə Naxçıvandakı vəziyyətlə bağlı məruzə etməsi region ölkələrinə verilən mesaj kimi qiymətləndirilə bilər.
Üzeyir Cəfərov qeyd edib ki, Naxçıvan uzun illər blokada şəraitində olub və Zəngəzur dəhlizinin hələ açılmaması səbəbindən muxtar respublika müəyyən çətinliklərlə üzləşir.
Ekspertin diqqət çəkdiyi əsas məqamlardan biri isə Naxçıvanda yeni nəsil raket-artilleriya sistemləri və pilotsuz uçuş aparatlarının nümayiş etdirilməsi olub.
“Bununla göstərildi ki, Azərbaycan Naxçıvanın təhlükəsizliyini təmin etmək iqtidarındadır”, – deyə Üzeyir Cəfərov bildirib.
Hərbi ekspert həmçinin “Tramp yolu” (TRIPP) marşrutunun gələcəkdə mühüm yükdaşıma istiqamətinə çevrilə biləcəyini və bu baxımdan Naxçıvanın strateji əhəmiyyətinin daha da artacağını vurğulayıb.
O qeyd edib ki, Prezidentin Naxçıvana 260 milyon manat vəsait artırması da regionun təhlükəsizliyi baxımından mühüm addımdır.
Bakı 



