Azərbaycanda erkən nikah həmişə olub, var və gələcəkdə də olmayacağına kimsə zəmanət vermir, yəni olacaq.
Azərbaycanda qızqaçırma həmişə olub, var, gələcəkdə də olacaq, bu, gün kimi aydındır.
Azərbaycanda erkən nikaha da, qızqaçırmaya da münasibət heç vaxt birmənalı olmayıb. Bu gün də belədir və kimsə də deyə bilməz ki, gələcəkdə də belə olmayacaq.
Hələlik sonuncu sayılan fakta - Tovuzda 13 yaşlı qızın qoşulub qaçmasına isə münasibət birmənalı oldu: hadisə qınanıldı.
Tovuzda 13 yaşlı qızın itkin düşməsi ilə bağlı xəbər yayılanda istər-istəməz, hamı qızın halına acıdı. Amma sonradan bəlli olub ki,
13 yaşlı məktəbli qoşulub qaçıb
Əvvəl qızın istədiyi (daha dəqiqi, “TikTok”da tanış olduğu şəxslə) oğlanla qoşulub qaçdığı güman edilirdi. Bunu da kimsə yox, elə qızın anası deyirdi. Ana-bala arasında “kürəkən”lə bağlı mbahisələr də olubmuş.
Ananın 13 yaşlı qızıyla danışığı nə ola bilər? Məsələn, ana qızına deyir:
- Gözəl qızım mənim, dərslərini oxu, gəl dolma bükməyə kömək et.
Bir qədər keçir, ana qızına qıymır:
- Anan boyuna qurban, sən dərslərinlə məşğul ol, mən özüm edəcəm.
Amma bunlarda:
“Qızım VII sinifdə oxuyur. Mən oğlanla danışdığından xəbər tutdum və icazə vermədim. Dedim, tanımırıq kimdir, onunla danışma. “Məni öldürsəniz də, onunla gedəcəyəm”, - dedi. Hər gün ancaq “WhatsApp”da danışırdılar”.
Demək, ailə övladlarının “TikTok”da tanış olduğu, hər gün “WhatsApp”da danışdığı şəxsi tanısaydı, 13 yaşlı qızı ərə verib, baba-nənə olacağı günü gözləyəsiymişlər? Övlad tanımadığı-bilmədyi adamla saatlarla danışır, ailənin rahatlığı nədir?
“Məni öldürsəniz də, onunla gedəcəyəm”… 13 yaşlı qız sevib-sevilməyi, üstəlik, ailəsiylə bu tərzdə damışmağı kimdən, hardan öyrəndi?
Ananı başa düşdük, evdə baş verənləri malalayıb. Bəs ata?
Atanın 13 yaşlı qızıyla söhbəti nə ola bilər? Təxminən belə:
- Ağıllı qızım, bu gün dərslərdən neçə aldın?
- Kimyadan “5”.
- Afərin mənim gözəl balama. Böyüyüb həkim olacaq, birinci atasını müalicə edəcək…
Amma bunlarda:
Ananın dediklərindən: “Atası da dedi ki, qızım, hələ uşaqsan, danışma”.
Deməli, qızının tanımadıqları, bilmədikləri adamla danışığından atanın da xəbəri olub. Və şox rahat, sakit tərzdə “qızım, hələ uşaqsan, danışma” deyərək, məsələyə özlüyündə nöqtə qoyub.
Qızlarının bu hərəkəti ilə bağlı valideynlər müəllimlərlə danışıblarmı, məktəb psixoloquyla dərdləşiblərmi? Araşdırsan, cavab “yox” olacaq.
Ailədə uşağa verilən tərbiyə çürük olmasın
… Sonradan qızın “TikTok” “sevgilisi” ilə yox, tamam başqa biriylə qoşulub qaçdığı müəyyənləşib. O da müəyyən edilib ki, bəs qızın təzə sevgilisi ondan nə az, nə azacıq, düz 31 yaş böyükdür. Və 44 yaşlı adaxlı həm də evlidir. Üstəlik, 3 uşaq atasıdır.
Tutaq ki, qız uşaqdır, bəs 44 yaşlı kişi bu addımı atanda bunun sonrasını fikirləşməyib? O qızı övladlarına rəfiqəmi aparırdın?
Baş verənlərin bir adı var: savadsızlıq, cahillik
Həmişə demişəm, deyirəm və hər zaman da deyəcəm: Övlada, qız uşağına xüsusilə, təhsil verin. Ananın qızına ən yaxşı cehizi, onu ədəb-ərkanlı böyütmək, tərbiyə verməkdir. Atanın ən yaxşı cehizi isə qızına diplom verməkdir.
Övladınızı cahil yetişdirməyin. Övladınızı savadsız böyütməyin. Qızınıza “ərə getmək” dərsi yox, ELM verin. Onun yanında olun...