• Bakı 22° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Qızlarımıza dəyən sillə - Qalib İbrahimoğlu yazır
YAZARLAR
11 Fevral 2022 | 14:05

Qızlarımıza dəyən sillə - Qalib İbrahimoğlu yazır

Qalib İbrahimoğlu

Məktəbli qızın sifətinə vurulan silləni təkcə o qızın yox, sənin, onun, öz qızımın üzünə dəyən zərbə sayıram. İnsan nə yeyib, nə içməlidir ki, günün günorta çağı tanımadığın-bilmədiyin, qərəzin olmadığı bir qızın sifətinə sillə vurub, sonra elə belə də olmalıymış kimi davranıb gedə?

Metronun “İnşaatçılar” stansiyasının yaxınlığında baş verən hadisəylə bağlı videonu çoxunuz izləmisiniz, yəqin. Sosial şəbəkələrdə yaymlanan videodan da görünür ki, metronun çıxışında qıza naməlum şəxs tərəfindən hücum olunub. 2005-ci il təvəllüdlü məktəblinin atası deyib ki, sifətindən sillənin təsirindən övladı ağzından və burnundan xəsarət alıb, qan açılıb.

Baş verənlərdən bir neçə gün keçəndən sonra hadisəni törədən şəxs tapılıb. Araşdırmalar zamanı hadisəni törətməkdə şübhəli bilinən şəxsin Yasamal rayon sakini Əhməd Hüseynov olduğu müəyyənləşib. Polis bölməsində izahatı alınan Ə.Hüseynov əməlindən peşman olduğunu, yeniyetmədən və valideynlərindən üzr istədiyini bildirib.

Adam əməlindən peşman olubmuş. Qızdan üzr istəyibmiş. Axı, bu peşmanlıq, üzrxahlıq heç nəyi dəyişmir.

Araşdırma zamanı məlum olub ki, Ə.Hüseynov eyni əməli bir neçə başqa qıza qarşı da törədib.

Adamın hədəfi zərif cinsin nümayəndələri olub. Bilib ki, bu əməli həmcinsinə qarşı eləsə, özündən beşbetərinə rast gələr və nəticədə asfaltı qucaqlayar.

Bəzən belə hərəkətləri görəndə, qanunların daha da sərtləşdirilməsini istəyirəm. Məsələn, o adama ən ağır cəza nə ola bilər, sizcə? Cərimə, bir neçə aylıq həbs cəzası... Amma bunlar yetməz. Adam borc-xərc edib cəriməni ödəyəndən, gedib həbsxana həyatı yaşayandan sonra da bu əməllərindən əl çəkməyəcək. Nədən ki, öyrəncəkliyə tövbə yoxdu.

Onun bu əməllərini özünə qarşı tətbiq etmək lazımdır. Elə sillə vurduğu qızlar elə həmin yerdə bunun üzünə tüpürüb şillə vurmalıdırlar. Sonra da heç nə olmayıbmış kimi yollarına davam etməlidirlər.

Kim nə deyir desin, qınayan qınasın, eləsinin cavabı odur. Bu qədər bəsit...

Hə... Bir də fikir vermişəm, murdar insanların əlindən ancaq murdar işlər gəlir...


SON XƏBƏRLƏR

26 Aprel 2024