• Bakı 17° C

    6.48 m/s

  • USD - 1.7

    EUR - 1.859

    RUB - 0.0176

SİZ mədəniyyət(SİZliy)i - Qalib İbrahimoğlu yazır
YAZARLAR
09 Iyun 2023 | 11:44

SİZ mədəniyyət(SİZliy)i - Qalib İbrahimoğlu yazır

Qalib İbrahimoğlu

Ağsaqqala, ağbirçəyə hörmət edən, böyüyün-kiçiyin yerini bilən millətik, məlum. Bu, yazılmamış qanundur ki, ictimai nəqliyyatda özündən böyüyə, qadınlara yer verməli, kimliyindən asılı olmayaraq qarşındakınla danışanda “Siz” deyə müraciət etməliyik. Amma...

Başıma gələn bir hadisəni danışım. Marketlərin birində satıcı aldığım malları kassaya vurur. İlk dəfə gördüyüm, birinci dəfə kassaya yaxınlaşanda “salam” verib “əleyküm salam” aldığım adam mənimlə əsgərlik demirəm, elə bil 10 il orta məktəbdə parta yoldaşım olubmuş kimi danışmaq istəyir. İstəyir ona görə deyirəm ki, ancaq monoloq deyir, mən qulaq asıram. “Sən bunu belə elədin”, “Sən bunu elə elədin”...

Dözməyib dillənirəm:

- Siz hamıyla belə danışırsınız?

- Necə danışıram ki? – Elə hirslə soruşdu ki, az qala gözü hədəqəsindən çıxsın.

- Yəni, tanımadığınız adamlarla “siz”lə yox, “sən” tərzində.

Qardaşın əlacı olsaydı, bayaqdan dinməməyim bir yana, belə naqolay sual verdiyimə görə məni öldürərdi.

- Həəə.

Elə bil “ə” hərfini təzə öyrənir.

- Belə olmaz. Tanımadığınız, bilmədiyiniz biriylə “sən”la danışmaq yaxşı deyil, axı.

- Mən beləyəm.

Bayaqdan sakit-sakit qulaq asdığım halda, kassirin bu sözündən dəli oldum.

- Mən deyirəm düzgün deyil, siz isə özünüzə haqq qazandırırsınız. Rəhbərlik sizi işə götürəndə alıcılarla belə danışmağı öyrədir? Müştəriylə “siz”lə danışmağı öyrənəcəksiniz və mütləq öyrənəcəksiniz.

- Mən beləyəm. Get, kimə deyirsən, de.

Qəşəng sözdü: kimə deyirsən, de. Məmur şikayətə gedən adamın dərdinə dərman tapmaq əvəzinə “get, kimə deyirsən de” ilə yola salanda, kassir niyə deməsin o sözü?!

Və kassirin sözü yerə düşüncə “pesok” bir az bahalaşsın. Yəni, artıq marketin rəhbərliyi kassirin “Ağa Nəzərəm, belə gəzərəm” hərəkətindən xəbərdardır.

... Bir neçə gün keçib. Yenə həmin marketdəyəm. Satıcı oğlan məni əzizini görübmüş kimi,bircə qucaqlayıb öpməyi qaldı, “xoş gəlmisiniz” deyib, əlimdəki ərzağı alıb kassaya qoydu.

Bu, nədi? Doğrudanmı, ilan ulduz görməsə, ölməz?

Yaxud, avtobusda biri başqa sərnişinin ayağını tapdalayır: Bağışla. Elə bil “bağışla”dan sonra “yın” desə, əskiyi çıxar.

Qarşısındaklyla “sən”lə danışan bizim sahədə də istənilən qədərdi. Bizimkilər süddən çıxmış ağ qaşıq deyillər ha.

Məsələn, daha çox cavan jurnalistlərdə müşahidə edirəm. Ay qardaş, “sən” də, “siz” də üç hərfdir də, müsahibinə niyə “siz” deməyəsən ki? Müsahibin lap dostun olsa belə, bu “səmimiyyəti” söhbətdən sonraya saxla. 

Nəsə... Kimliyindən asılı olmayaraq, qarşındakına hörmətlə yanaşsan, həmin adamdan da hörmət görəcəksən. Ruslar necə deyir: какой вопрос, такой ответ...


SON XƏBƏRLƏR

13 Oktyabr 2024
12 Oktyabr 2024