• Bakı C

    3.75 m/s

  • USD - 1.7

    EUR - 1.7524

    RUB - 1.6268

Belə gərəkdir ki, belə deyilir! - Əkbər Qoşalı yazır 
YAZARLAR
08 Yanvar 2025 | 21:07

Belə gərəkdir ki, belə deyilir! - Əkbər Qoşalı yazır 

Əkbər Qoşalı

Bəri başdan vurğulamaq istərdim - bəli, Prezident İlham Əliyev indiyədək dəfələrlə müsahibələr verib; bəli, başqa ölkələrin prezidentləri də çoxsaylı müsahibələr verir - bunları bilirik, əlbəttə; bununla belə, İlham Əliyevin çox açıq danışmağı uyğun görməsi, özəl vurğuları, ilkləri, habelə zəruri xəbərdarlıqları baxımından, 7 yanvar tarixli müsahibəsi həm özünün öncəki müsahibələrindən həm bir çox həmkarının müsahibələrindən üstün və fərqli oldu. 

Dövlət başçısının öz dərin məzmunu, üfüqaçıcı siqləti ilə seçilən müsahibəsi, bütün digər önəmli yönləri ilə birgə, xarici siyasət, beynəlxalq münasibətlər baxımından tarixi önəm daşıyan bir hadisədir.

Nə üçün belə düşünürük? - Açıqlayaq:

Tarixi Zəfərə imza atmış ölkənin zəngin təcrübəli, sözü imzası qədər keçərli Prezidentdən danışırıq. Problemlər də, problem yaradan dövlətlər, qarışıq zamanlar da həmişə olub; lakin öz ötkəmliyini itirməyən neçə dövlət, neçə lider saya bilərik? İlham Əliyevin prezidentliyi dönəmində Azərbaycan Respublikasının qazandığı uğurlar - Zəfərin parlaq Günəşi hər xalqın baxtına, hər dövlət başçısının taxtına doğmayıb. Özünüz deyin, yaxın tarixdə bizim kimi hansı ölkə öz ərazi bütövlüyünü bərpa edə bilib? - Hələ-hələ bizim düşdüyümüz durumda, ağır işğal altında və barışa məsul böyük dövlətlərin işğalçını müdafiə etdiyi bir ortamda?!. Məsələn, sabah-birisigün Gürcüstan, Moldova, Ukrayna öz ərazi bütövlüyünü, suverenliyini bərpa etsə (inşallah), yenə bizim Zəfərimizin üstünlüyü pozulmayacaqdır. Çünki, GUAM ortaqlarımızın hamısı biri bizim üzbəüz qaldığımız böyük güclərdən yalnız biri ilə qarşı-qarşıyadır və o biri güclər işğalın bir an öncə bitməsinə çalışır. Çox önəmli faktor deyilmi bu? Gürcüstan, Moldova və Ukraynanın görmüş olduğu güclü xarici siyasi-iqtisadi, hərbi və s. dəstəyi biz nəinki gördük, tam tərsinə işğalçıyla bərabər, bərabər də yox, daha betər tutulduq.

Məhz bu və bənzəri əsaslara, faktor və amillərə görə, yeni ilin yeddinci günündəki müsahibə, Prezidentin milli maraqlara sadiqliyini bir daha nümayiş etdirərək, hər bir Azərbaycan vətəndaşına qürur, inam hissi bəxş etdi.

Prezidentin müsahibəsi öncəki müsahibələrdən bir neçə önəmli aspektdə fərqlənir. Öncə, Prezident Azərbaycanla fiziki qonşuluqda olan, lakin “qonşuluq haqqı”nı verə bilməyən dövlətlərə də, uzaqdan idarə olunan “buraxma dövlət”ə və özünü həmişəlik idarəedici güc mərkəz sayanlara da sərt ismarıclar göndərdi. Çox yaxında - məlum uçaq vurulması hadisəsindən sonra Rusiyanın ünvanına kəskin, cəsarətli sözlərini əsirgəməyən Azərbaycan Prezidentinin, belə tezliklə digər böyük dövlətlərin ünvanına da eyni və ya daha kəskin sözlər söyləməyəcəyini düşünmək olardı. Düşünmək olardı ki, quzeydə Moskvaya, güneydə Tehrana, günbatarda Parisə bunca açıq və topdan ismarıclar göndərilməz bəlkə. Üstəlik, Ermənistan yanıbaşımızda revanşizimdən əl çəkməyib.

Bəs necə oldu ki, İlham Əliyev kimi təcrübəli dövlət və siyasət xadimi dörd yanı birdən uyardı? Bilirsiz, şəxsən mən bunun cavabını, Prezidentin nəyi, nə vaxt, harda və necə etmək lazım olduğunu sınanılmış şəkildə dəqiq bilməsinə bağlayıram. - Belə lazımdır ki, belə dedi! 

Başqa bir səbəb Prezidentin öz dövlətinə, xalqına könül bağında, yanar ürək yiyəsi olmasındadır! 

İlham Əliyev bundan daha cəsarətli qərarlar qəbul edib və qalib gəlib! 

27 sentyabrda tarixi əks-hücum əmri verən, misilsiz məsuliyyəti üzərinə götürən və yüksək ləyaqətlə daşıyan o idi! O idi antiterror tədbirlərinə göstəriş verən! O, İlham Əliyevdir - öz xalqının arxasında dağ kimi dayanan, xalqı da ona arxa duran! 

Beləliklə, Prezidentin prinsipial mövqeyi Azərbaycan dövlətinin və xalqının qürurlu, müstəqil siyasət yürütmək əzmini bir daha təsdiqlədi.

İkinci önəmli fərq, Prezidentin indiyə qədər açıqlanmayan bəzi məqamları işıqlandırması idi. Örnəyi, Tehranda Azərbaycan Səfirliyində qanlı terror əməli törətmiş qatilin edamı ilə bağlı Prezidentə verilən amma yerinə yetirilməyən rəsmi söz!..

Başqa örnək: Fransa Senatı və Milli Assambleyasından öncə Fransa hökumətinin Xankəndidəki keçmiş və özünü buraxmış qondarma rejimi “dövlət” kimi tanımaq yönündə göstərdiyi cəhdlər… Prezident bu addımların arxasında dayanan məkrli planları konkret faktlarla ifadə və ifşa etdi. İlham Əliyev Azərbaycanın bu cəhdlərə qətiyyətlə qarşı çıxdığını və belə bir hal baş verəcəyi təqdirdə Fransa ilə diplomatik əlaqələrin dərhal kəsiləcəyi barədə xəbərdarlıq etdiyini vurğuladı. Bu, Azərbaycanın prinsipial xarici siyasətinin bariz örnəyidir.

Prezident həmçinin ATƏT-in gərəksiz Minsk Qrupu həmsədrlərinin işğalı “əbədiləşdirmək” məqsədilə apardığı ikili standartlar siyasətini ifşa edərək, Azərbaycanın bütün maneələrə baxmayaraq, daxili imkanları hesabına tarixi Zəfər qazandığını bir daha xatırlatdı.

Daha bir vacib məqam, Prezidentin həm Azərbaycan xalqına, həm də dünya ictimaiyyətinə ünvanladığı çağırış idi: Azərbaycanın tarixi Zəfəri ədalət, barış və yeni dünya nizamının qurulmasına xidmət edir. Bu, həm böyük dövlətçilik gələnəklərinin, həm də çağdaş dönəmin çağırışlarına uyğun yürüdülən siyasətin təntənəsidir.

Prezidentin beynəlxalq platformalar barədə fikirləri də özəl diqqətə layiqdir. Azərbaycanın üzv olduğu qurumlarda yalnız sıravi üzv dövlət (yaxud yardım axtaran ölkə) kimi deyil, töhfə verən, kömək edən ölkə kimi çıxış etdiyi bir daha vurğulandı. Bu, Azərbaycanın qlobal miqyasda nüfuzunu daha da artırır.

Prezidentin müsahibəsi, Azərbaycan dövlətinin gücünü, xalqın əzmini və gələcəyə olan inamını nümayiş etdirən qürurlu, duyğulu, üfüqötəsinə səsləyən və yol xəritəsi göstərən hadisədir. 
Bəli, bu müsahibə yalnız qürur qaynağı deyil, həm də, xalqımızın böyük məqsədləri, idealları uğrunda səfərbər olunması üçün mənəvi təlimatdır.

Prezidentin müsahibəsi, özünün dediyi kimi, “sözümüz imzamız qədər keçərlidir” prinsipinin növbəti canlı təcəssümüdür.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!


SON XƏBƏRLƏR