• Bakı 20° C

    3.2 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

"Baş verənlər Fransadakı səfirimizin geri çağırılmasına gətirib çıxara bilər"

SİYASƏT

17 Noyabr 2022 | 11:46

"Baş verənlər Fransadakı səfirimizin geri çağırılmasına gətirib çıxara bilər"

“Fransanın Azərbaycana qarşı məlum ritorikası, əlbəttə ki, gözlənilən idi. Çünki Fransa 44 günlük Vətən müharibəsinin baş tutduğu gündən bəri hansı mövqedə dayandığını açıq-aşkar göstərmişdi”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib.

Politoloqun sözlərinə görə, ermənidən daha çox erməni olan, Ermənistanın ağzıyla danışan, onun  olmayan haqlarını müdafiə etməyə çalışan Fransa sadəcə olaraq Cənubi Qafqaz maraqlarının təmin olunması baxımından bu ritorikanı yürüdür:

“Çünki Fransa Cənubi Qafqazdakı proseslərin yönləndirilməsində bilavasitə iştirakçı olmaq istəyir. Fransanın bu iştirakçılığı müəyyən vaxtlarda Minsk qrupunun həmsədrlik statusu daşımaqla icra olunurdusa, 44 günlük Vətən müharibəsində ordumuzun özgücünə torpaqlarımızı işğaldan azad etməsi Minsk qrupunun işəyaramazlığına sübut oldu. Beləliklə, dolayı yolla Minsk qrupu ləğv edilmiş oldu. Bu da Fransanın bölgədəki proseslərdən uzaq tutulması idi".

Onun dediyinə görə, bundan əlavə, Fransanın türk düşmənçiliyi məsələsi də var. Onlardakı türk düşmənçiliyi Fransanın bugünkü siyasətinə də yansımaqdadır: "Fransanın bu düşənçiliyi Emmanuel Makronun siyasətində özünü daha çox büruzə verdi. Makron bu qətnamənin qəbul edilməsində hər hansı formada payının olmadığını vurğulamağa çalışır”.

Z.Qarayevaya görə, çünki Makronun hələ də ümidi var ki, bölgədəki proseslərdə iştirak edə biləcək: “Hətta o bu istəyini açıq şəkildə Prezident İlham Əliyevə də bildirmişdi. Lakin 296 senatordan 295-nin bu qətnamənin qəbuluna səs verməsi, Fransanın Xarici İşlər Nazirliyinin də bu qərarı təsdiqləməsi burda Makron adminstrasiyasının birbaşa rolunun olduğunu göstərir. Bu qərarın hər hansı hüquqi yük daşıyacağını düşünmürəm. Lakin proseslərə öz təsirini göstərə bilər. Belə ki, bu qərar Azərbaycanla Fransa arasında qırılmaq dərəcəsində olan münasibətlərin daha da pisləşməsinə gətirib çıxaracaq”.

Politoloq qeyd edib ki, Fransaya nota verilməsi də elə bunun göstəricisidir: “Hətta bu olanlar Azərbaycan səfirinin geri çağırılmasına da gətirib çıxara bilər. Digər tərəfdən, bu qırılma həddində biz Fransanın fərqli adekvat addımlarının da şahidi ola bilərik. Bu, Ermənistanın müdafiə qabiliyyətinin artırılması ilə bağlı ola bilər. Bununla bağlı Fransa və Ermənistan hərbi rəhbərliyi müzakirələr də keçiriblər. Digəri isə, Qarabağda humanitar ofisin açılması ilə bağlı ola bilər. Hərçənd ki, Rusiya bu məsələyə adekvat yanaşmaz, ancaq digər məqam da var ki, Ruben Vardanyanın qondarma “dövlət naziri” kimi Xankəndində fəaliyyətə başlaması da bu prosesə təkan verə bilər. Vardanyan Rusiyanın kadrıdır və Qərblə də əlaqələri çox yaxşıdır. Proseslər bu cür getdiyi halda Fransanın Qarabağda ofis açması gündəmə gətirilə bilər. Lakin Azərbaycan həmişə olduğu kimi, indi də adekvat ritorikanı davam etdirəcək”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026