Azərbaycan Ermənistanla sülh sazişinin imzalanmasına, regionda sülhün bərqərar olmasına çalışarkən, Ermənistan tərəfi atəşkəsi pozmaqla prosesin əleyhinə addımlar atır. Maraqlısı isə odur ki, atəşkəsin pozulması halları Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə baş verir.
Məsələ ilə bağlı Bakıvaxtı.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, atəşkəsin pozulmasına səbəb ermənilər yox, elə birbaşa sülhməramlıların özləridir:
“Yəni, o atəşi erməni yox, sülhməramlılar açır. Çünki Rusiya Müdafiə Nazirliyinin son həftə yayımlanan bəyanatlarına baxın, bir dənə də olsun, erməni silahlı birləşmələrinin Azərbaycan əsgərlərini atəşə tutması ilə bağlı xəbər yoxdur. Belə çıxır ki, onların arasında razılaşma var. Monitorinq mərkəzinin susması məni çox qayğılandırır, narahat edir. Heç Azərbaycan Müdafiə Nazirliyinin də mövqeyi mənə anlaşılan gəlmir. Azərbaycan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyinə niyə yalvarmalıdır ki, siz bizim toponimləri düzgün yazın? Azərbaycan MN çox ciddi bir qurumdur və sözü bir dəfə deyərlər. İkinci dəfə artıq təpəsinin ortasından qapazı vurmalıdır. Rusiya MN özünü qoyub eşşək yerinə və Azərbaycan toponimlərini “Stepanakert”, “Mardakert” kimi yazır. Onda biz də bundan sonra “Sank-Peterburq” əvəzinə “Leninqrad”, “Nijni Novqorod” əvəzinə “Qorki” və s. yazaq”.
Ekspert qeyd edib ki, Rusiya artıq həddini aşır: “Rusiya sülh istəmir. Ona görə ki, kontingentlərinin ərazimizdə çox uzun müddət qalmasını istəyir. Ermənistanın nə gücü var ki, Azərbaycana əzələ nümayiş etdirsin? Aydın məsələdir ki, ilana zəhəri verən kərtənkələ Rusiyadır. Biz bunu deməkdən çəkinməməliyik. Rusiya Prezidenti Vladimir Putin indiyə qədər bir dəfə də olsun, öz imzaladığı 10 noyabr Bəyannaməsindən danışmayıb. Rusiya o bəyannamədə yazılan müddəaları yerinə yetiribmi? Yetirməyib. Rus sülhməramlılarının gözü qarşısında Ermənistana ağır texnikalar daşınır. Bəlkə biz bilmirik, bu texnikalarla əkin-biçin edirlər? Əlbəttə ki, bu texnikalar Azərbaycan əsgərini, Şuşanı, Kəlbəcəri vurmaq üçün ora daşınır. Beləliklə, Rusiya öz həddini aşmış olur”.
Ü.Cəfərov bildirib ki, Azərbaycan çox rahat şəkildə anti-terror əməliyyatı keçirərək rus sülhməramlılarını ərazidən qova bilər:
“Düzdür, biz sülhməramlılara 2025-ci ilə qədər, yəni 5 illik müddət vermişdik. Lakin 2 ildən artıqdır ki, onlar 10 noyabr Bəyannaməsində yazılan müddəaları yerinə yetirmir. Müddəaların 4, 7, 9-cu bəndləri hələ də yerinə yetirilməyib. Qeyri-qanuni erməni silahlı birləşmələri ərazidən çıxarılmayıb, Azərbaycan vətəndaşları işğaldan azad edilmiş ərazilərə qaytarılmayıb, çünki minalanmış ərazilərin xəritəsi bizə təqdim olunmayıb, bir də kommunikasiyalar açılmayıb. Bütün bunlar yerinə yetirilmədiyi müddətcə, Azərbaycan 20-30 il də gözləməlidir? Paşinyan öz çıxışlarında da dedi ki, Rusiya istəyir, sülhməramlılar hələ 15-20 il də orda olsun. İndiyə qədər sülhməramlılar nə qələt etmişdi ki, bundan sonra da qalıb nə edəcək. Ermənilərə vaxt udmaq lazımdır ki, Hindistandan silah-sursat alıb yenidən müharibəyə hazırlaşsın”.
Nuranə Daxilqızı
















