ABŞ-nin Suriyadakı hərbi qüvvələrini geri çəkməsi beynəlxalq müstəvidə yeni suallar doğurub. Bu proses regional güc balansına necə təsir edəcək? Kürd qruplaşmaları nə ilə üzləşəcək? Türkiyə bu vəziyyətdən necə istifadə edə bilər?
Bakıvaxtı.az-ın bu və başqa suallarını politoloq Züriyə Qarayeva cavablandırır:
-ABŞ Suriyadan niyə geri çəkilir? Bu qərarın arxasında hansı əsas səbəblər dayanır?
-ABŞ-nin Suriyadan çəkilməsinin bir neçə əsas səbəbi var. Birincisi, Vaşinqtonun Yaxın Şərqdə uzunmüddətli hərbi mövcudluğuna dair daxildə artan narazılıq və ictimai təzyiqdir. ABŞ cəmiyyəti artıq xarici hərbi müdaxilələrə qarşı daha həssasdır.
İkincisi, strateji prioritetlər dəyişib: Çin və Rusiya ilə rəqabət, Ukrayna böhranı və Sakit okean regionu daha ön plana çıxıb.
Eyni zamanda, ABŞ-nin Suriyadakı əsas məqsədi – İŞİD-in məhv edilməsi – rəsmi olaraq yerinə yetirilib. İŞİD təhlükəsi qismən azaldıqdan sonra ABŞ burada uzunmüddətli qalmağın həm maliyyə, həm siyasi, həm də hərbi baxımdan artıq məntiqsiz olduğunu düşünür.
- ABŞ-nin çəkilməsi regionda hansı dəyişikliklərə səbəb ola bilər?
-Bu, regionda ciddi geosiyasi boşluq yaradacaq. Hərbi baxımdan ABŞ-nin boşaltdığı ərazilərə başqa güclər – əsasən Rusiya, İran və qismən də Türkiyə nəzarət etməyə çalışacaq. Bu isə həm yerli güc balansında, həm də beynəlxalq münasibətlərdə gərginlik yarada bilər.
Digər tərəfdən, kürd silahlı qruplaşmaları – xüsusilə PYD/YPG – ən böyük təsiri hiss edəcək. ABŞ-nin dəstəyi ilə bu qruplar Suriyada müəyyən muxtar idarəetmə qurmuşdu. ABŞ çıxdıqdan sonra bu qruplar ya yeni himayədar axtaracaq, ya da Türkiyə və Suriya ordusu ilə qarşıdurma riskinə düşəcək.
- Türkiyə üçün bu addım nə ifadə edir? ABŞ-ın çəkilməsi Ankara üçün riskdirmi, yoxsa fürsət?
-Bu, həm risk, həm də fürsət daşıyır. Bir tərəfdən, ABŞ-nin regiondan çıxması ilə Türkiyənin Suriya sərhədində öz təhlükəsizlik zonalarını genişləndirmək imkanı yaranır. Ankara uzun müddətdir ki, YPG-yə qarşı sərt mövqe tutub və bu boşluqdan istifadə edib yeni hərbi əməliyyatlara başlaya bilər.
Digər tərəfdən, ABŞ-nin çəkilməsi Rusiya və İranın mövqeyini gücləndirir ki, bu da Türkiyə üçün strateji narahatlıq doğura bilər. Çünki hər üç aktor (Türkiyə, Rusiya, İran) Suriya məsələsində əməkdaşlıq etsə də, hər biri fərqli maraqlara sahibdir. ABŞ-nin çıxması bu rəqabəti daha da kəskinləşdirə bilər.
- Suriyada bundan sonra nələr baş verə bilər? Növbəti mərhələdə hansı ssenarilər mümkündür?
-Ən real ssenari Rusiya və İranın daha aktiv rol alaraq Əsəd rejimini gücləndirməyə çalışmasıdır. Yəni rejim nəzarətində olan ərazilərin genişlənməsi baş verə bilər. Digər bir ssenari isə Türkiyənin yeni təhlükəsizlik əməliyyatlarına başlamasıdır – xüsusilə Tal Rıfat və Ayn əl-Ərab (Kobani) bölgələrində.
Eyni zamanda, ABŞ-nin çəkilməsi İŞİD-in yenidən fəallaşmaq cəhdlərini stimullaşdıra bilər. Çünki sabitlik zəiflədikcə ekstremist qruplar bu xaosdan istifadə etməyə çalışırlar.
- ABŞ-nin bu qərarı beynəlxalq ictimaiyyət tərəfindən necə qarşılanıb?
-Reaksiyalar qarışıqdır. Avropa İttifaqı, xüsusilə Fransa bu qərarı tənqid edib, çünki Suriya məsələsində ABŞ ilə koordinasiyalı hərəkət etmək istəyirdi. Rusiya isə bu addımı alqışlayır və artıq siyasi-hərbi təşəbbüsü əlinə almaq üçün hərəkətə keçib. İran da ABŞ-nin çıxmasını öz mövqeyinin güclənməsi kimi qiymətləndirir.
Türkiyə isə rəsmi olaraq ehtiyatlı optimizm nümayiş etdirir: ABŞ-nin çıxması ərazi suverenliyi və terrorla mübarizə baxımından pozitivdir, lakin regionda yeni risklər də yaradır.
Zülfü Məmmədov