Məşhur aktyor və musiqiçi Cared Leto barədə ağır ittihamlar səsləndirilib.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, dörd qadın 54 yaşlı sənətçini cinayət xarakterli cinsi davranışda ittiham edib. İttihamlar BBC-nin “Jared Leto: Hollywood’s Dark Secret” adlı yeni sənədli filmi üçün aparılan araşdırma çərçivəsində gündəmə gəlib. Qadınların iddiasına görə, hadisələr 2002-2016-cı illər arasında baş verib və onların hamısı həmin vaxt yeniyetmə olub.
Qadınlardan biri bildirib ki, 17 yaşında olarkən Cared Leto ilə Kaliforniyadakı evində cinsi münasibətdə olub. Onun sözlərinə görə, həmin vaxt aktyor 34 yaşında olub və hadisə ABŞ-nın Kaliforniya ştatında qanunla yetkinlik yaşına çatmayan şəxslə münasibət kimi qiymətləndirilə bilər.
Digər qadın isə 17 yaşında olarkən Las-Veqasdakı hoteldə aktyor tərəfindən cinsi zorakılığa məruz qaldığını iddia edib. O, Leto ilə işlədiyi mağazada tanış olduğunu və daha sonra aktyorun onu hotelə dəvət etdiyini söyləyib.
Daha bir qadın isə 19 yaşında olarkən hotel otağında Leto tərəfindən cinsi zorakılıqla hədələndiyini iddia edib. Dördüncü qadın isə aktyorun 16 yaşında olarkən ona uyğun olmayan məzmunlu telefon zəngləri etdiyini və cinsi münasibət təklif etdiyini bildirib.
BBC-nin məlumatına görə, həmin qadına daha sonra münasibətləri barədə danışmaması üçün məxfilik müqaviləsi (NDA) göndərilib. O isə sənədi imzalamaqdan imtina edib.
Sənədli filmdə ümumilikdə 10 qadın danışıb. Onlardan 9-u ilk dəfə olaraq yaşadıqlarını ictimaiyyətlə bölüşüb. Qadınlardan biri “Taylor” adlı şəxs 2005-ci ildə “Thirty Seconds to Mars” qrupunun çıxış etdiyi festivalda Leto ilə tanış olduğunu deyib. Onun sözlərinə görə, həmin vaxt 14 yaşı olub və aktyor ona qarşı uyğun olmayan ifadə işlədib.
BBC bildirib ki, qadınların bir sıra iddiaları onların yaxınları ilə aparılan danışıqlar, eləcə də foto və mesajlarla təsdiqlənib. Həmçinin “Thirty Seconds to Mars” qrupu ilə uzun müddət çalışan iki şəxs sənədli filmdə çıxış edərək aktyorun yeniyetmə qızlarla davranışlarının onları narahat etdiyini söyləyib.
Cared Leto və onun nümayəndələri daha əvvəl səsləndirilən oxşar ittihamları rədd edib. BBC isə bildirib ki, aktyor son iddialarla bağlı sorğulara cavab verməyib.
Qeyd edək ki, 2025-ci ildə də bir neçə qadın Cared Letonu uyğun olmayan davranışda ittiham etmişdi. Həmin vaxt sənətçinin nümayəndələri bütün iddiaları “əsassız” adlandırmışdı.
Bakı 



