• Bakı 15° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.867

    RUB - 2.0104

"Anasının istəyi ilə övladını tələf etdi, münasibətlərini sonlandırdı"

MƏDƏNİYYƏT

07 Aprel 2025 | 16:48

Anasının istəyi ilə övladını tələf etdi, münasibətlərini sonlandırdı

"AStar" layihəsinin növbəti buraxılışı mərhum Əməkdar artist Vəfa Fətullayevaya həsr olunub.

Bakıvaxtı.az Axşam.az-a istinadən xəbər verir ki, Əməkdar artist Əminə Babayeva onunla bağlı xatirələrini bölüşüb. O, V.Fətullayevanın şəxsi həyatına anası, mərhum Xalq artisti Hökümə Qurbanovanın müdaxilə etdiyini vurğulayıb. Onun sözlərinə görə, H.Qurbanovanın istəyi ilə Vəfa münasibətdə olduğu şəxslərdən ayrılıb və hətta övladını tələf edib:

"Vəfa Zaurla (V.Fətullayevanın həyat yoldaşı, Zaur Nağıyev. İdmançı idi. Onlar 1 ildən sonra ayrılıblar - red.) xoşbəxt yaşayırdı. Hökumə xanım səhnəni elə sevirdi ki, qızını bu sənətə qurban verdi. Vəfa ərindən ayrıldı, övladını itirdi, yenidən səhnəyə gəldi. Bütün bunlar Hökümə xanımın istəyi ilə olub. O, anadır, düşünürdü ki, bununla qızını xoşbəxt edəcək. O qızının xoşbəxtliyini səhnədə görürdü. Övladını ona görə tələf etdilər ki, Vəfaya sənətində mane olmasın. Bəlkə də Hökümə xanım Vəfanı səhnəyə gətirməsəydi, bunlar yaşanmazdı".

Ə.Babayeva aktrisanın mərhum Xalq artisti Fuad Poladovla da münasibətlərinə məhz onun anasının əngəl olduğunu açıqlayıb:

"Hökümə xanım buna müdaxilə etmişdi. Fuad əsgərlikdən gəlib onunla görüşmək istəyəndə anası Vəfaya icazə vermədi. Fuad teatrın qapısını sındırırdı ki, Vəfa ilə görüşsün. Bu zaman Hökümə xanım polis çağırmışdı. Baş rejissorumuz Tofiq Kazımov (mərhum Xalq artisti - red.) onu xilas etdi.

Amma anası qadağa qoysa da Vəfa Fuadla görüşürdü. Biz qastrollarda bunun şahidi olurduq. Hər yerdə birlikdə idilər. Fuad həqiqətən onu çox sevirdi. Yadımdadır, Vəfanın dəfnində Fuad teatrdan çıxanda bilmirdi haraya getsin, elə bil özünü itirmişdi. Vəfanın xasiyyəti atasına bənzəsə də anasını həddindən artıq çox istəyirdi. Hətta şəxsi həyatını da ona qurban vermişdi. Anası nə deyirdi, onu edirdi".

Əməkdar artist mərhum sənətçinin son günlərini belə xatırlayıb:

"1985-ci ildə "Vaqif" tamaşasında onunla dublyor olduq. "Xuraman" obrazını bizə tapşırdılar. Onda Vəfanın vəziyyəti yaxşı deyildi. Ona gündə qan köçürürdülər. Bütün məşqlərdə mən olsam da, premyerada Vəfanın adı yazılmışdı. Bunu aktyotlar mənə irad tutdular. Lakin bununla bağlı nəsə etmədim, çünki bilirdim ki, bu Vəfanın sonuncu tamaşası ola bilər. O sonra demişdi: Əminə elə bir şey etdi ki, bunu heç bir aktrisa etməzdi. 10 premyera olsa, yenə ona verərdim, təki sağalardı.

Vəfa istəmirdi onu o vəziyyətdə görək. Xəbər göndərmişdi ki, yanıma gəlməsinlər. Son vaxtlar dişlərini çıxartmışdılar. Gözəl qadın olasan, sonra da o vəziyyətə düşəsən, əlbəttə istəməzdi onu elə görək. Vəfa sonuncu dəfə xəstəxanaya düşəndə anasına tələf etdiyi övladının cəzasını çəkdiyini demişdi. Teatrda eşitdim ki, Vəfa dünyasını dəyişib. Həmin tamaşanı o gün göz yaşı içində oynadıq. O anasına vəsiyyət etmişdi ki, məni yerdən götürəndə ətrafda çoxlu qızılgüllər olsun. Anası onun bu istəyini yerinə yetirdi. Eşitdiyimə görə, o vəfat edəndə özü yorğanı üzün çəkib, sonra canını tapşırıb".

Qeyd edək ki, V.Fətullayeva 1987-ci ildə 41 yaşımnda xərçəng xəstəliyindən vəfat edib. Sənətçinin atası Xalq artisti Nüsrət Fətullayev onun ölümündən iki ay sonra, anası Hökümə xanım isə bir il sonra vəfat edib.


SON XƏBƏRLƏR