• Bakı 18° C

    4.86 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.0859

Mərakeş Krallığının şahzadəsi Beynəlxalq Muğam Mərkəzi ilə tanış olub - FOTO

MƏDƏNİYYƏT

07 May 2025 | 09:11

Mərakeş Krallığının şahzadəsi Beynəlxalq Muğam Mərkəzi ilə tanış olub - FOTO

Ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xanım Şahzadəsi Lalla Hasnaa mayın 6-da Beynəlxalq Muğam Mərkəzi (BMM) ilə tanış olub.

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin də iştirak etdiyi tanışlıq zamanı qonağa mərkəz haqqında ətraflı məlumat verilib.

Bildirilib ki, Heydər Əliyev Fondunun milli-mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı layihələr sırasında xüsusi əhəmiyyəti olan mərkəz Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə inşa edilib.

Qeyd olunub ki, Prezident İlham Əliyev 2005-ci il aprelin 6-da Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması haqqında Sərəncam imzalayıb. 2008-ci il dekabrın 27-də istifadəyə verilən BMM-in ümumi sahəsi 7,5 min kvadratmetrdir. Burada 350 yerlik konsert salonu, klub, 80 nəfərlik restoran, tədris otaqları və səsyazma studiyası mövcuddur. Üçmərtəbəli binanın forması Azərbaycanın qədim milli musiqi alətlərindən olan tarın hissələrini xatırladır. 

Qonağa BMM-in foyesində nümayiş olunan ekspozisiyada yer alan milli musiqi alətləri barədə də məlumat verilib.

Mədəniyyət ocağı ilə tanışlıqdan sonra konsert proqramı təqdim olunub. Konsertdə Azərbaycan muğam sənətinin nadir nümunələri səsləndirilib, milli musiqimizin zənginliyi və bədii-estetik dəyərləri nümayiş etdirilib.
BMM-lə tanışlıq qonaqda xoş təəssürat yaradıb.


SON XƏBƏRLƏR

07 May 2025