Xəbər verdiyimiz kimi, Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.
Bakıvaxtı.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə müvafiq qərar verib.
Qərara əsasən koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 2 aprel saat 06:00-dək uzadılıb.
Bundan əvvəl bu müddət 2024-cü il 2 yanvar saat 06:00-dək olan dövrü əhatə edib.
Karantin müddətinin uzadılması sərhədlərin bağlı qalması deməkdir.
Bəs apreldən quru sərhədlərin açılması ehtimalı varmı?

Vüqar Bayramov: Quru sərhədlərin açılmasının Azərbaycan üçün iqtisadi dividentləri var
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan iqtisadçı millət vəkili Vüqar Bayramov bildirib ki, quru sərhədlərlə bağlı qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilir.
Deputatın sözlərinə görə, quru sərhədlərin açılmasının, həm də iqtisadi tərəfləri var:
“Bu, bir tərəfdən turizmin inkişafı, digər tərəfdən vətəndaşlarımızın xarici ölkələrə səfərlərinin asanlaşması, daha az xərclə səfər etməsi kontekstindən vacibdir. Artır yeni turizm mövsümü başlayır, ona görə quru sərhədlərin açılmasının Azərbaycan üçün iqtisadi dividentləri var”.
Müsahibimiz qeyd edib ki, sərhədlərlə bağlı qərarın nə zaman veriləcəyi birbaşa qərargahın mövqeyindən asılı olacaq:
“Bütün hallarda, belə bir addımın atılması ölkəyə gələn turistlərin sayının artmasına, xüsusən də sərhədyanı ölkələrdən daha çox turistin gəlməsinə səbəb olacaq. Təbii ki, quru sərhədlərindən istifadə etməklə vətəndaşlarımız qonşu ölkələrə gedə biləcək. Bu mənada, quru sərhədlərin açılması Azərbaycan üçün turizmin inkişafı, qonşu ölkələrlə iqtisadi, o cümlədən nəqliyyat əlaqələrinin genişləndirilməsi aspektindən vacibdir”.

Tahir Kərimli: Quru sərhədlərin bağlı olması hüquqi və fiziki şəxslərin ticarətinə əngəl törədir
Deputat Tahir Kərimli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, karantin müddəti yenidən uzadılmasa, aprelin 2-də quru sərhədlərinin açılması zərurəti yaranır:
Müsahibimiz hesab edir ki, sərhədlərimizin təhlükəsizliyini kifayət qədər gözləyə bilirik:
"Sərhədlərin bağlı qaıması eyni zamanda, həm hüquqi, həm də fiziki şəxslərin sərhəddənkənar ticarətinə əngəl törədir. Ona görə quru sərhədlərinin açılmasını arzulayıram".
"Hələlik əlimdə bununla bağlı rəsmi məlumat yoxdur. Qulağım çalır ki, belə bir şey ola bilər. Həm cəmiyyət, həm də siyasi xadimlər birmənalı şəkildə sərhədlərin açılmasının zamanı çatdğını bildirirlər. Artıq bir çox dövlətdə də açıqdır. Ona görə, düşünürəm ki, açılmağı daha məqsədəuyğundur", - deyə Tahir Kərimli vurğulayıb.
Aytac Aslan















