Azərbaycan siyasətində partiya daxili qalmaqallar zaman-zaman həm ictimaiyyətin diqqətini çəkir, həm də siyasi struktur və idarəetmə mexanizmlərinin sınanmasına səbəb olur. Fəzail Ağamalının rəhbərlik etdiyi Ana Vətən Partiyasında baş verən son hadisələr də məhz belə bir vəziyyət kimi diqqət mərkəzindədir.
Partiya daxilində rəhbərlik uğrunda yaranan gərginlik, ailə üzvləri arasında mübahisələr və qurultay zamanı baş verən qarşıdurmalar təkcə şəxsi məsələ kimi qiymətləndirilə bilməz. Bu hadisələr partiyanın daxili demokratik prinsiplərini, qərar qəbul etmə mexanizmlərini və nüfuzunu birbaşa təsir edir. Eyni zamanda, qalmaqal hüquqi nəticələr və partiyanın gələcək fəaliyyəti baxımından da müəyyən suallar doğurur.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hüquqşünas Ayxan Məmmədli bildirib ki, Fəzail Ağamalının partiyasındakı qalmaqal yalnız şəxsi və ailə münaqişəsi kimi qiymətləndirilə bilməz:
"Bu hadisə partiyanın idarəetmə strukturu ilə bağlı problemləri ortaya çıxarır. Rəhbərlik uğrunda münaqişə partiya daxilində demokratik prinsiplərin sınağıdır. Qalmaqal həm daxili, həm də ictimai etimad məsələlərini gündəmə gətirir. Partiya üzvləri arasında loyallıq və sadiqlik sualları yaranıb. Bu, partiya daxilindəki güc balansına təsir edir. Fəzail Ağamalının qızını rəhbərliyə gətirmək niyyəti nəsil mübadiləsi kimi görünür".
Onun sözlərinə görə, oğulun iddiası bu prosesi gərginləşdirib:
"Qurultay zamanı gərginliyin artması idarəetmə boşluqlarını göstərir. Təhlükəsizlik əməkdaşlarının müdaxiləsi vəziyyətin nə qədər kritik olduğunu göstərir”.
Müsahibimiz vurğulayıb ki, qalmaqalın ictimai rezonansı partiyanın nüfuzuna təsir edə bilər:
“Media və sosial şəbəkələr hadisəni geniş işıqlandırıb. Reputasiya itkisi, gələcək seçkilərdə üzvlərin və seçicilərin davranışına təsir edə bilər. Hüquqi baxımdan, sadəcə rəhbərlik mübahisəsi partiyanın ləğvinə əsas yaratmır".

Ayxan Məmmədli: Qalmaqalın həlli partiyanın uzunmüddətli sabitliyi üçün vacibdir
Hüquqşünas əlavə edib ki, Azərbaycan qanunvericiliyinə əasaən, partiya yalnız qanunsuz fəaliyyətə görə ləğv oluna bilər. Daxili prosedur pozuntuları hüquqi müdaxilə üçün kifayət deyil:
"Bu qalmaqal partiyanın strateji qərar qəbul etmə mexanizmini ortaya çıxarır. Partiya daxilindəki kommunikasiya və nizam-intizam problemləri üzə çıxıb. Gələcəkdə bu tip qalmaqallar partiya strukturuna zərər verə bilər. Lakin hazırkı vəziyyət yalnız idarəetmə və reputasiya problemləri yaradır".
Sonda həmsöhbətimiz əlavə edib ki, partiyanın fəaliyyətini davam etdirməsi mümkündür. Hüquqi baxımdan ləğv ehtimalı çox aşağıdır. Analitik baxımdan, əsas məsələ partiya daxilində demokratik və şəffaf rəhbərlik mexanizminin mövcudluğudur:
"Bu qalmaqal, həmçinin partiya üzvlərinin siyasətə baxışını dəyişə bilər. Qalmaqalın həlli partiyanın uzunmüddətli sabitliyi üçün vacibdir. Nəticədə, hadisə hüquqi fəsad yaratmasa da, siyasi və ictimai riskləri artırır".
Əli Hüseynov
Bakı 


