Son günlər ölkəni narahat edən məsələlərdən biri də qızılcaya yoluxma hallarının sürıtlə artmasıdır. Belə ki, orta və ali təhsil müəssisələrində qızılcaya yoluxma halları artmağa başlayıb. Xüsusən, məktəblərdə durum kritikdir.
Bakıvaxtı.az ali təhsil müəssisələrində qızılca ilə bağlı son məlumatları öyrənmək üçün universitetlər arasında sorğu keçirib.
Azərbaycan Texniki Universitetinin mətbuat katibi Sevinc İsgəndərova Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, ATU-da 8 tələbədə qızılca aşkarlanıb. Dediyinə görə, hazırda onların səhhəti normaldır. Virusun inkubasiya dövrü bitdikdən sonra dərslərinə davam edəcəklər: “Qızılcaya qarşı uşaqlıq dövründə peyvənd olunmayan tələbələrə isə peyvənd olunmalarının vacibliyi bildirilib".
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mətbuat katibi Bəhruz Nəzərov Bakıvaxtı.az-a açıqlamasında vurğulayıb ki, ADNSU-da müəllimlər arasında qızılcaya yoluxma halları baş verməyib: “Lakin tələbələr arasında 2 nəfər qızılcaya yoluxma halı müşahidə olunub. Həmin tələbələr izolasiya olunublar, hazırda onlayn dərslərə qoşulurlar. İnkubasiya dövrü bitdikdən sonra dərslərə davam edəcəklər”.
B.Nəzərov qeyd edib ki, peyvənd olunmayan müəllim və tələbələrə peyvənd vurdurmaları barədə xəbərdarlıq edilib.
Azərbaycan Dillər Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cavid Zeynallı Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycan Dillər Universitetində qızılca ilə bağlı hər hansı narahatlıq yoxdur: “Tələbələr tərəfindən müraciət qeydə alınmayıb. Ona görə də, bu məsələ ilə bağlı hər hansı müzakirə getmir”.
Azərbaycan Dövlət Pedeqoji Universitetinin mətbuat katibi Cavid Hüseynov Bakıvaxtı.az-a bildirib ki, ümumilikdə, ADPU-nun Bakıda fəaliyyət göstərən fakültələrindən bu günə qədər qızılca xəstəliyi ilə bağlı nə müəllim, nə də tələbələr arasından heç bir müraciət daxil olub: “Ümumiyyətlə isə tələbə hər hansı səbəbdən dərsdə iştirak etmirsə, ona həmin dərsdən QB yazılmalıdır və yazılır”.
Azərbaycan Dövlət İqtisad Universitetinin mətbuat katibi Elnarə Məmmədova Bakıvaxtı.az-a açıqlamasında UNEC-də hələ ki qızılcaya yoluxma halının qeydə alınmadığını qeyd edib.
Bakı Dövlət Universitetinin mətbuat katibi Kəmalə Quliyeva Bakıvaxtı.az-a açıqlamasında deyib ki, BDU-da qızılca ilə bağlı problem yoxdur: Poliklinikada təkcə qızılca ilə bağlı yox, bütün yoluxucu xəstəliklərlə bağlı mütəmadi işlər aparılır".
Qərbi Kaspi Universitetinin mətbuat katibi Vüsal Məmmədov Bakıvaxtı.az-a məlumatında vurğulayıb ki, QKU-də qızılcaya yoluxma kütləvi hal almayıb: "Əgər belə bir hal baş verərsə, elmi şurada müzakirəyə çıxarılacaq, Elm və Təhsil Nazirliyi ilə müzakirə aparılaraq müvafiq qərar veriləcək. Qaiblərin üzürlü sayılıb sayılmayacağı, dərslərə onlayn qoşulmaq və s. məsələlərə bu halda baxıla bilər".
Aytac Aslan