19 oktyabr İran tərəfindən Laçın dəhlizindən keçərək Qarabağa yükdaşımalarının qadağan edilməsi barədə qərar verilib. İranın bu qərarına cavab olaraq isə Azərbaycanda saxlanılan iki İran vətəndaşı olan sürücü ölkələrinə qaytarılıb.
İranın bu qərarı Azərbaycanla İran arasındakı münasibətlərə necə təsir edəcək?
Mövzu ilə bağlı Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Bakıvaxtı.az-a danışıb:
"Milli maraqlarla dövlət maraqları Azərbaycan üçün vacibdir. Son hadisələrlə bütün tərəflərə bu kimi məsələlərdə heç vaxt geri çəkilməyəcəyimizi sübut etdik. Hələ ziddiyyətlərin olduğu zaman qeyd etmişdim ki, hətta Azərbaycan BMT Təhlükəsizlik Şurası dövlətlərinə belə müharibə vaxtı öz şərtlərini irəli sürdü. Ona görə İran hər hansı təzyiq, ölkə daxilindəki proiran qrupu ilə Azərbaycanın fikrini dəyişəcəyini düşünməsin. Təbii ki, postmüharibə dövründə heç bir dövlət, beynəlxalq qurum və yaxud dairə yeni proseslərə xələl gətirməməlidir. Bu gün Qarabağın dağlıq hissəsində olan rus süıhməramlılarına hər hansı yardımın edilməsi, əlaqələrin olması yolverilməzdir. Bu, Azərbaycana hörmətsizlik, ümumiyyətlə beynəlxalq hüququn pozulması deməkdir. Ona görə də, heç bir cavab olmadan sürücülərin azad edilməsi kimi fikirlərin irəli sürülməsi və yaxud Azərbaycanın İsrail ilə İrana qarşı iş birliyində günhlandırılması yolverilməz idi. İranın yük maşınlarına qadağa qoyması, təbii ki, olduqca vacib addım idi. Bu gündən, yəni əsas ziddiyyətin aradan qaldırılmasından sonra Bakı və Tehran arasında münasibətlərdə isinmənin şahidi olacayıq. Eyni zamanda, Azərbaycan hələ postmüharibə dövrünün ilk günlərində İrana altılıq platformasını, yeni münasibətlərdə iştirak etmək təkliflərini irəli sürmüşdü. Yaxşısı odur ki, bu 30 il ərzində iş birliyi və s. Bu kimi şeylər olubsa, kənara atıb gələcəyə baxsınlar. Gələcək isə Ermənistan və separatçılarla iş birliyindən deyil, Azərbaycanın maraqlarını nəzərə almaqdan keçir. Bu hadisələr həmçinin Ermənistana da dərs oldu. Ermənistan başa düşmüş oldu ki, həm müttəfiqləri, həm qonşuları, həm də digər ümid bəslədiyi ölkələr beynəlxalq hüquq çərçivəsindən kənara çıxa bilməzlər. Qafqazda söz sahibi Azərbaycandır, Ermənistanın pis niyyətləri, təbii ki, reallaşmayacaq. Ona görə də, artıq bir gündür ki, ermənilər İranın bu addımını çox böyük narahatlıqla qarşılayıblar. Hətta Ermənistan mediası, demək olar, bu məsələyə yer ayırmayıb. Çünki Ermənistan İrana ciddi şəkildə ümid bəsləyərək düşünürdü ki, Ermənistan müəyyən qüvvələrlə bir yerdə Cənubi Qafqazdakı prosesləri pozacaq və Azərbaycan ilə Türkiyəyə qarşı dirəniş göstərəcək. Eyni zamanda, bu hadisələr Azərbaycan daxilində kimin hara işlədiyini, kimin kim olduğunu sübut etmiş oldu. Bəzi şəxslər özlərini ifşa etdi. Bu hadisələr bizim üçün ətrafımızda kimlərin olduğuna baxmaq üçün bir süzgəc oldu. Baş verənlər, həmçinin, din xadimlərinin, bu istiqamətdə olan institutların, axund və mollaların bəzi hissəsinin kimə qulluq etdiklərini, əsas məqsədlərinin nə olduğunun göstəricisi oldu. Azərbaycan 30 il ərzində sübut etmiş oldu ki, coğrafi cəhətdən kiçik bir dövlət olmasına baxmayaraq, heç bir zaman hansısa qüvvələrin daxili işlərimizə qarışmasına imkan verməz. Kimlərinsə bizim ərazilərimizdə bizim maraqlarımızın üzərindən keçərək öz maraqlarını reallaşdırması yolverilməzdir. Bu hadisə də bunun bir göstəricisi olmuş oldu".
Aytac Aslan
















