Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Tailand Krallığının Xarici İşlər Nazirliyi arasında 11-12 dekabr 2025-ci il tarixində ilk siyasi məsləhətləşmələr çox məhsuldar keçib.
Bakıvaxtı.az xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov bildirib.
Elnur Məmmədov iki ölkə arasında keçən il ticarət dövriyyəsinin təxminən 300 milyon dollar təşkil etdiyini, ancaq ticarət dövriyyəsinin artırılması üçün imkanların olduğunu vurğulayıb: “Hər iki istiqamətdə ikitərəfli investisiyaların mümkünlüyünü və ikitərəfli investisiyaların qorunması və investisiyaların təşviqi haqqında sazişin razılaşdırılması və yekunlaşdırılması zərurətini müzakirə etdik”.
Nazir müavini tərəflərin həm ənənəvi enerji, həm də yaşıl enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə etdiklərini nəzərə çatdırıb: “SOCAR artıq 15 ildən çoxdur ki, Tailandın “PTT Public Company Limited” şirkəti ilə əməkdaşlıq edir. Bu şirkətlər hazırda bu əməkdaşlığı ənənəvi məhsul və əmtəələrdən kənara çıxarmaq imkanlarını müzakirə edirlər”.
Elnur Məmmədov Azərbaycan və Tailand arasında turizm sahəsində əməkdaşlığı da müzakirə etdiklərini bildirib: "Tailandın bu sahədə təcrübəsindən öyrəniləsi çox şey var, Azərbaycan da iqtisadiyyatını şaxələndirmək üçün turizmə investisiya qoyur”.
Bakı 




