Bakıda həyat yoldaşını parkda bıçaqlayaraq qətlə yetirməkdə təqsirləndirilən Natiq Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Bakıvaxtı.az-ın oxu.az-a istinadən ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən iclasda şahid ifadələri dinlənilib.
Təqsirləndirilənin anası ifadəsində bildirib ki, oğlunun ailəsində münaqişələr uzun müddət davam edib:
"Gəlin böyük-kiçik yeri bilmirdi. Oğlumla söz-söhbətləri olurdu. Oğlumun Elnur adlı uşaqlıq dostu vardı, tez-tez evə gəlirdi. Eşitdiyimə görə, oğlum evdə olmayanda gəlin qapını açıb onu içəri buraxıb. Mən demirəm aralarında münasibət var idi, sadəcə şübhələnirdim".
Ana, həmçinin qeyd edib ki, oğlu həyat yoldaşını hicab taxmağa məcbur etməyib və onda psixi pozğunluq müşahidə etməyib.
Hadisə şahidi olan 17 yaşlı yeniyetmə isə ifadəsində deyib:
"Parkda dostumla oturmuşduq. Kiminsə - "kömək edin!" - deyə qışqırdığını eşitdik. Qaçıb baxanda gördüm ki, qadın yerdə uzanıb, kişi bıçaqla onun qoluna vurur. Qadın can verirdi, sonra təcili yardım gəlib apardı".
Məhkəmənin növbəti iclası noyabrın 26-na təyin olunub.
İttiham aktına əsasən, 35 yaşlı Natiq Məhərrəmov Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində həyat yoldaşı, 39 yaşlı Sevinc Məhərrəmovanı bıçaqlayaraq qətlə yetirib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 221.3-cü maddələri ilə ittiham irəli sürülüb.
Bakı 



